51
Azərbaycan xalçaları / TƏBRİZ QRUPU
Xalçanın bədii quruluşu ara sahə və haşiyə hissəsindən ibarətdir.
Şəkəri yerlikli ara sahənin mərkəzi hissəsində içərisində qırmızı, yaşıl, sarı, ağ rəngli gül-çiçək işlənmiş bir böyük ölçülü
sürməyi yerlikli düz və “ziq-zaq” xətli çoxbucaqlı göl yerləşdirilmişdir. Gölün aşağı və yuxarı hissələrində iki sürməyi
yerlikli “qubbə” vardır. “Qubbə” elementindən xalçaçılar, adətən, kompozisiyanın bağlayıcı elementi kimi istifadə edirlər.
Gölün aşağı və yuxarı hissələrindəki “qubbə”lərin “göl”ə birləşən hissələrində kiçik ölçülü iki müxtəlif formalı romblar
yerləşdirilmişdir. Gölün kənarları ağ-qara və qırmızı “su”larla haşiyələnir.
Şəkəri yerlikli ara sahədə qırmızı, tünd və açıq-yaşıl, sarı, ağ və sürməyi rəngli gül-çiçək motivləri simmetrik, bəzən isə
asimmetrik düzülüşlə tərtib edilmişdir.
Gül-çiçək təsvirləri öz təbii rəngləri ilə elə ustalıqla işlənmişdir ki, ilk baxışdan canlı təsir bağışlayır. Bu elementlər xalçanın
ara sahəsi boyunca sıx rapportlarla düzülərək xalçaya nizamlı görünüş gətirmişdir. Xalçanın ara sahəsinin yuxarı hissəsinin
ikinci və aşağı hissəsinin son cərgəsində üfüqi istiqamətdə zanbaq gülləri, qalan hissədə isə qızılgüllər və qərənfillər təsvir
edilmişdir.
Ara sahəni sağ və soldan sürməyi, qəhvəyi rəngli diliklər işlənmiş mədaxil əhatə edir. Yuxarı, aşağı hissələrdə isə diliklər
qırmızı və sürməyi rənglərlə işlənib. Mədaxillər xaricdən qırmızı, daxildən isə qırmızı, ağ rənglərlə işlənmiş “su”larla
tamamlanır.
Xalçanın haşiyə quruluşu həm kompozisiya, həm də rəng tərtibatı baxımından çox zəngindir. Qırmızı yerlikli ana haşiyə
“nəlbəkigül” adlandırılan elementlərlə tərtib edilmişdir. Ana haşiyəni bəzəyən beşləçəkli və səkkizləçəkli güllər qırmızı,
sürməyi, ağ, sarı, tünd və açıq-yaşıl, onları birləşdirən budaqlar isə yaşıl rənglərlə işlənmişdir. Bu tipli haşiyələr Qarabağ
qrupuna aid olan xalçalarda da tətbiq edilir.
Ana haşiyə həm daxildən, həm də xaricdən sürməyi, qırmızı, ağ rəngli çiçəklərlə bəzədilmiş mavi yerlikli “zəncirə”lərlə
əhatə olunub. “Zəncirə”lər sürməyi, ağ-sürməyi rəngli “su”larla tamamlanır.
Təbriz xalçaları üçün səciyyəvi olan rəng təzadlığı bu xalçada yüksək peşəkarlıqla saxlanılıb.
Xalçanın ara sahəsinin yumşaq, neytral şəkəri rəngi bir-birinə son dərəcə əks olan kontrast rənglərlə (əsasən, qırmızı, yaşıl,
sürməyi) birləşərək, kompozisiyaya çox canlı görünüş gətirir. Digər tərəfdən isə ara sahə elementlərinin rəngi “göl”ün
içərisindəki elementlərin rəngi ilə təkrarlanaraq, çox baxımlı rəng ahəngdarlığını aydın nəzərə çarpdırır.
Xalçada rəng uzlaşması qanunauyğunluq prinspiləri əsasında həll edilmiş, istər uzaq, istərsə də yaxın məsafədən bir-
birinə qarşılıqlı nüfuz təsiri yaradılmışdır.
Xalça bədii, tarixi əhəmiyyət kəsb edir. Saxlanma vəziyyəti əladır.
Xalçanın xovu yun, əriş və arğacı isə pambıqdır.
1...,43,44,45,46,47,48,49,50,51,52 54,55,56,57,58,59,60,61,62,63,...84