55
Azərbaycan xalçaları / TƏBRİZ QRUPU
Xalçada Azərbaycanın
inqilabçı sərkərdəsi
Səttarxan at üstündə
təsvir edilib. Xalçanın
ara sahəsinin yuxarı
hissəsində medalyonda
“Səttarxan”, kətəbədə
“Sərdar” yazılmışdır.
Xalçanın ara sahəsi şərq romantizmi üslubunda həll edilmiş tağla əhatə olunub. Ara sahənin aşağı hissəsində çöl-çəmən
təsvirləri verilmişdir. Ana və bala haşiyələrdə nəbati elementlər və quzu təsvirləri verilmişdir. Səttarxana olan ümumxalq
məhəbbəti xalçanı toxuyanların ifadə vasitələrində duyulur.
Səttarxan at üstündə məğrur, məğlubedilməz qəhrəman kimi oturub. Qəhrəmanın geyimi orijinalda olduğu kimi, atın
yəhəri isə naxışlarla verilmişdir. Atın şahə qalxması Səttarxanın döyüşə yollanmasına işarədir. Toxunuş zamanı təsvir və
detallar xüsusi məharətlə yerinə yetirilmişdir.
Səttarxan 1868-ci ildə Cənubi Azərbaycanın Qaradağ vilayətinin Canəli kəndində tacir ailəsində anadan olmuşdur. 1905
– 1911-ci illərdə baş vermiş Məşrutə hərəkatı Səttarxanı böyük sərkərdə səviyyəsinə qaldırdı. 1907-ci ildə Təbrizin Əmirxiz
məhəlləsinin azadlıq fədailərinə rəhbərlik edən Səttarxan nümayiş etdirdiyi qeyri-adi qəhrəmanlığı və şücaəti ilə azadlıq
fədailərinin sevimli sərkərdəsinə çevrilir.
Şura Məclisi topa tutulduqdan, şahın 40 min nəfərlik silahlı qüvvəsinin inqilabın beşiyi sayılan Təbriz şəhərinə hücu-
mundan sonra 1908-ci ilin iyun ayında Səttarxanın rəhbərliyi altında Ali Hərbi Şura yaradılır. Ali Şuranın baş komandanı
Səttarxan və onun müavini Bağır xan, üzvləri Əli Müsyö, Hacı Əli, Seyid Haşim xan təyin edilirlər.1909-cu ilin aprel ayına
qədər Təbriz üsyanı inqilabçıların verdiyi çoxsaylı itkilərə baxmayaraq, düşmənin silahlı qüvvələrini Təbrizdən çıxarmağa
nail olur. Bu döyüşdə Səttarxan və Bağır xan nümayiş etdirdikləri qeyri-adi qəhrəmanlıqları müqabilində Azərbaycanın
əyalət əncüməni tərəfindən müvafiq olaraq “Sərdari-milli” (Xalq sərkərdəsi) və “Salari-milli” (Xalq rəhbəri) fəxri adlarına
layiq görülürlər.
Təbrizin müdafiəsi Hərbi Şuraya tapşırılır. Üsyançıların bu qələbəsi Azərbaycanın başqa vilayətlərinə və bütün İrana
təsir göstərir. Tehran, Qəzvin, Rəşt, İsfahan və başqa şəhərlərdə “Səttarxan” adı altında inqilabi komitələr yaranır. Təbriz
əyalət əncüməni özünü Şura Məclisinin elçisi kimi təqdim edir. 1908-ci ilin oktyabr ayına qədər Azərbaycanın bir çox
vilayətləri düşmənlərdən təmizlənir. Ölkədə inqilabi hərəkatın güclənməsindən qorxuya düşən şah – irtica qüvvələri Teh-
randa Şura Məclisinin yenidən açılmasına icazə verməyə məcbur olurlar. 1908-ci ilin dekabr ayında açılan İkinci Şura
Məclisi Səttarxanla Bağır xanın xidmətlərini dəyərləndirmək məqsədilə adları metal lövhə üzərinə qızıl hərflərlə həkk
edilmiş Şərəf Nişanlarının hazırlanması və Məclisin yenidən açılışı zamanı tribunadan asılması haqqında fərman verir.
Təbriz inqilabının qələbəsindən sonra inqilabi əhval-ruhiyyənin artması şah qüvvələrini, Çar Rusiyasını və İngiltərəni
təşvişə salır. Onlar Səttarxanı və silahdaşlarını gözdən salmaq üçün Səttarxan və Bağır xanı silahdaşlarından, Təbrizdən
ayırmağa çalışırlar. İngiltərənin xarici işlər naziri Edvard Karinin bu ölkənin İrandakı səfiri Corc Birliyə göndərdiyi teleq-
ramda (16.3.1910) deyilirdi ki, Səttarxan və Bağır xan tezliklə Təbrizdən çıxarılmalıdır. Bundan sonra İranın baş naziri, Milli
Şura Məclisi işə qarışıb Səttarxan və Bağır xanı Tehrana getməyə məcbur edirlər. 1910-cu il mart ayının 6-da Səttarxan və
Bağır xan 300 nəfər silahdaşı ilə Tehrana yola düşür. 1910-cu il aprel ayının 3-də Səttarxan Tehrana çatır. Qurbanlar kəsilir,
Tehran əhalisi onu xilaskar kimi qarşılayır.
Səttarxana fədailəri iləAtabəy parkında yer verilir. 1910-cu ilin 7 avqustunda şah qoşunları və Tehranın milliyyətcə erməni
olan, əvvələr Səttarxanın qüvvələri ilə birgə şah rejiminə qarşı mübarizə aparmış daşnak Yefrem Davidyansın başçılıq
etdiyi polis qüvvələri gecə xaincəsinə Atabəy parkına hücum edir, Səttarxanın qüvvələrini mühasirəyə alaraq tərkisilah
etməyə cəhd göstərirlər. Baş verən silahlı qarşıdurmada Səttarxan ayağından yaralanır. Onun qoşunlarına Tehrandan çıx-
mağa imkan verilmir. Nəhayət, aldıgı güllə yarasından 1914-cü il noyabr ayının 9-da Səttarxan 48 yaşında vəfat edir və
Tehrannın Şah Əbdüləzim qəbiristanlığında dəfn olunur. Xalçanın ara sahəsini stilləşmiş quzu təsvirləri, güllü-çiçəkli və
yarpaqlı ağaclarla bəzədilmiş kərpiciyə çalan qırmızı yerlikli ana haşiyə əhatə edir. Ana haşiyəni hər iki tərəfdən nəbati
elementlərlə bəzədilmiş şəkəri yerlikli bala haşiyələr əhatə etmişdir. Ana və bala haşiyələrin kənarları qara rəngli “su”larla
tamamlanır. Xalçanın ərişi və arğacı pambıqdan, xovu isə yundandır. Xalçanın ipləri təbii boyalarla boyanmışdır və burada
səkkiz rəngdən istifadə olunmuşdur. Xalça şirazə - səkkizvari texnika ilə toxunub. Dəhnəsi bir sıra sünbülü, saçağı 1 sm,
sıxlığı 40x50-dir. Xalça əla vəziyyətdə saxlanmışdır və istifadə müddətində divardan asılmışdır. Xalça böyük tarixi, bədii,
elmi əhəmiyyət kəsb edir.
Bala haşiyədə “Məclis çox ürək açan
məclisdir” cümləsi təkrar-təkrar işlənmişdir.
1...,47,48,49,50,51,52,53,54,55,56 58,59,60,61,62,63,64,65,66,67,...84