66
Sağ tərəfdəki ana haşiyənin mərkəzindəki medalyonda əfsanəvi türk xaqanı olan Əfrasiyabın
(Alp Ər Tonqa) portreti verilib. Qədim İran tarixinə görə o, Turun nəvəsidir. Turun adı ilə adla-
nan Turan ölkəsinin ən böyük hökmdarlarından sayılır. Bir zamanlar İranı zəbt edərək, on iki
il orada hökmranlıq etmişdir. Sonradan iranlıların üsyanı nəticəsində ölkədən çıxarılmışdır.
Firdovsinin “Şahnamə”sində Keykavusun oğlu Səyavuş Turana qaçaraq Əfrasiyabın yanına
getmişdir. Əfrasiyab öz qızı Firəngizi ona ərə vermiş və ondan Keyxosrov dünyaya gəlmişdir.
Əfrasiyab Keyxosrov tərəfindən öldürülmüşdür.
Sağ haşiyədə yuxarıdan-aşağı istiqamətdə dördüncü medalyonun içərisindəki portretin
yanında “Qudərz” sözü yazılmışdır. Qudərz İranın qədim dövrünə aid iki qəhrəmanın adıdır.
Birinci Qudərzin atası Qarin məşhur Dəmirçi Kavənin oğlu olub. Rəvayətə görə Dəmirçi Kavə
İranı istila etmiş ərəb Zöhhakın əleyhinə üsyan edərək, onu taxtdan salmış və Cəmşidin nəvəsi
Firidunu onun yerinə oturtmuşdur. İkinci Qudərz isə, Firdovsinin yazdığına görə, Qudərzi-
Gəsvadıqan xanədanının banisi qızılpapaqlı Qəşvan kimi tanınan və Firidun dövrünün
pəhləvanlarından olan Gəsvadın oğludur. Qudərz Kavus və Keyxosrov dövrünün böyük
pəhləvanlarından olub və onun oğlu Giv də pəhləvan olmuşdur.
Xalçanın sağ küncündə ana haşiyədəki medalyonun içərisində qədim İran şahlarının ən
qədim sülaləsi olan Pişdadıyan sülaləsinin VII padşahı Mənuçöhrün portreti verilib. “Şah­
namə” qəhrəmanları olan Kəyumərs, Hüşəng, Təhmurəs, Cəmşid və başqaları da həmin sü­
lalədən olublar. Bir rəvayətə görə İrəcin oğlu, başqa rəvayətə görə, İrəcin qızının nəvəsi olub.
Xalçanın aşağı hissəsində, ana haşiyənin mərkəzindəki medalyonun içərisində İranın qədim
əfsanəvi şahlarından olan Cəmşidin nəvəsi, Pişdadıyan sülaləsinin altıncı hökmdarı Firi-
dunun üçüncü oğlu İrəcin portreti təsvir edilib. Firidun öz mülkünü üç oğlu arasında bölərək
İran ərazisini İrəcə vermişdir. Qardaşları Səlim və Tur bu bölgüdən narazı qalaraq, paxıllıqdan
İrəci öldürmüşlər. Firidun da, öz növbəsində Səlim və Turu öldürərək, İrəcin oğlu Mənuçöhrü
özünə vəliəhd təyin etmişdir.
Xalçanın yuxarı hissəsindəki ana haşiyədə soldan birinci medalyonun içərisində əfsanəvi
Pişdadıyan sülaləsinin ikinci şahı olan Hüşəngin portreti verilib. O, Siyaməkin oğlu, I Kə­
yumərsin isə nəvəsi idi. Atası Siyamək dövrün vəhşi varlıqları olan divlərlə döyüşdə həlak
olduğundan, babası Kəyumərs onu həmin divlərlə müharibəyə göndərir. Hüşəng divləri məğ­
lub edir və Kəyumərsdən sonra taxta çıxır. O, qırx il şahlıq edir. Daş və poladdan od almaq və
qədim İran bayramı olan Cəşni- Sədə onun adı ilə bağlıdır.
Sağ tərəfdə, yuxarıdan ikinci medalyonun içərisində təsvir edilmiş portretin altında “Darab”
adı yazılmışdır. Darab, Dara və Daryus, İranın qədim Əhəmənilər sülaləsindən olan üç padşa-
hın adlarıdır. I Dara e. ə. 522 – 486-cı illərdə şahlıq etmiş, ölkədə bir sıra inzibati, hərbi, iqtisadi
islahatlar aparmış, işğalçı müharibələr nəticəsində böyük torpaqlar zəbt etmişdir. Yunanıs-
tanla etdiyi müharibələr isə uğursuz olmuşdur. O, həm də Viştasbın oğlu Böyük Dara kimi
tanınır. II Dara e. ə. 423 – 404-cü illərdə şahlıq etmişdir. I Ərdəşirin oğludur. Onun dövründə
İran zəifləmiş, Midiya, Misir istiqlaliyyət qazanmışdır. III Dara II Daranın oğlu olmuş, e. ə. 335
– 330- cu illərdə şahlıq etmişdir. Onun şahlığı dövründə Makedoniyalı İsgəndər İrana həmlə
etmiş və 331-ci ildə III Daranı məğlub etmişdir. İranın şərqinə qaçmış III Dara öz vassalı olan
Bəlx valisi Besus tərəfindən qətlə yetirilmişdir.
1...,58,59,60,61,62,63,64,65,66,67 69,70,71,72,73,74,75,76,77,78,...84