AZƏR-İLMƏ

XALÇAÇILIQ MƏRKƏZİ

Haqqımızda

col-binaAzərbaycan xalçası əsrlər boyu dünya miqyasında ulu keçmişimizi, təkrarsız mədəniyyətimizi, milliliyimizi layiqincə təmsil etmişdir.

Azərbaycan xalçaçılığının ən böyük nailiyyətlərindən biri onun inkişafına göstərilən dövlət qayğısıdır. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə (1969-1982, 1993-2003) bütövlükdə mədəniyyətin, o cümlədən xalçaçılığın inkişafına xüsusi diqqət yetirilmişdir. Zaman-zaman zəifləyən, ayrı-ayrı tarixi mərhələlərin tələblərinə müvafiq olaraq, demək olar ki, tam tənəzzülə uğramış xalçaçılıq işi Azərbaycan müstəqillik əldə etdikdən sonra, xüsusilə, 1993-cü ildən etibarən yenidən dirçəlməyə başlamışdır. Ulu öndərin dövlətçilik siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səyi nəticəsində xalçaçılığın inkişafının qanunvericilik bazası yaradılmışdır. 2004-cü il dekabrın 7-də "Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" Azərbaycan Respublikasının qanunu təsdiq olunmuş, 2005-ci il fevralın 7-də həmin qanunun tətbiq edilməsi barədə fərman verilmişdir. Azərbaycan xalçalarının təbliği və nümayiş etdiriməsi məqsədilə Prezident İlham Əliyevin iştirakı ilə 2014-cü il avqust ayının 26-da Dənizkənarı Milli Parkın ərazisində unikal memarlıq xüsusiyyətlərinə malik olan Azərbaycan Xalçası Muzeyinin açılışı da xüsusi qeyd edilməlidir.

pix_02bAzərbaycan mədəniyyətinin, o cümlədən xalçaçılığın inkişafı və onun nailiyyətlərinin dünya miqyasında təbliği sahəsində Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İCESKO-nun xoş məramlı səfiri Mehriban Əliyevanın böyük rolu vardır. Mehriban xanımın rəhbərliyi ilə Azərbaycanın Dövlət müstəqilliyinin iyirmi illiyi münasibətilə Böyük Britaniyada, Fransada və Rusiyada keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti günləri çərçivəsində təşkil edilən xalça sərgiləri böyük şöhrət qazanmışdır. Bütün bunlar Azərbaycan xalçasının 16 noyabr 2010-cu il tarixdə YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin qanunauyğunluğunu təsdiq etmişdir.

Respublikada iş adamlarının uğurlu fəaliyyətini təmin etmək məqsədilə özəl sektorun inkişafına dair proqramlar qəbul edilmiş, çoxsaylı mühüm fərmanlar imzalanmışdı. "Azər-İlmə" də məhz bu zəmində formalaşmış, təşəkkül tapmış müəssisələrdəndir. Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradov zəngin təcrübə əsasında Zaqafqaziyada analoqu olmayan, Azərbaycan xalq xalçaçılıq ənənələrini davam etdirən yeni bir şirkət yaratmağa nail olmuşdu.

Azərbaycan xalçalarının unudulmaqda olan çeşnilərini bərpa etmək, milli xalçalarımızın bədii ənənələrini yaşatmaq və gələcək nəsillərə ötürmək, Azərbaycan xalçasının beynəlxalq miqyasda ticarətini təşkil etməklə layiqli şəkildə təbliğinə nail olmaq məqsədimiz, məramımızdır. Bu məqsədə doğru addım-addım, ilmə-ilmə yaxınlaşan "Azər-İlmə" tarixən qədim toxuculuq mərkəzləri Abşeronda, Qarabağda, Qazaxda, Qubada, Gəncədə, Lerikdə, Şirvanda, Şəkidə emalatxanalar yaratmış, əsrlər boyu formalaşmış milli ənənələri ən yüksək səviyyədə yaşadaraq böyük nüfuz qazanmışdır.

Hal-hazırda "Azər-İlmə"nin peşəkar xalçaçı-rəssamlardan, ustad toxuculardan, bərpaçı və boyaqçılardan, həmçinin peşəkar müəllimlərdən, respublikamızın müxtəlif bölgələrində faəliyyətini şirkətimizlə əməkdaşlıq zəminində quran xalçaçılardan ibarət 300 nəfərlik kollektivi məhsuldar yaradıcılıq axtarışlarını davam etdirir. Toxuduğumuz xalçalar 1997-ci ildə Amerika Birləşmiş Ştatlarının Atlanta, 1999-cu ildə Almaniyanın Hanover, 2003-cü ildə Rusiya Federasiyasının Moskva şəhərlərində uğurla sərgilənmiş, Amerika Birləşmiş Ştatları, Almaniya, Fransa, Türkiyə, Rusiya, Avstraliya, Yaponiya, İsveçrə, İtaliya, Norveç, Cənubi Afrika və digər ölkələrdəki muzeylərdə, şəxsi kolleksiyalarda Azərbaycanın səfiri, təmsilçisi olmuşlar. Bakı, Qazax-Borçalı, İrəvan, Naxçıvan, Qarabağ, Gəncə, Quba, Təbriz, Şirvan xalça qruplarının çeşniləri əsasında yundan və ipəkdən, yüksək sıxlıqlı, orijinal tərtibatlı, şux koloritli xalçalar istehsal edən "Azər-İlmə" "Uğur", Caspian Energy İnternational Award, "Kraliça Viktoriya adına eksklüziv" mükafatı, "Avropa keyfiyyət mükafatı", İlin brendi mükafatlarına layiq görülmüşdür. 

ugur-2006

Uğur-2006

ugur-2006

Queen Victoria Commemorative Medal

ugur-2006

Caspian Energy International Award

ugur-2006

European Quality-2009

ugur-2006

İlin Brendi 2010

"Azər-İlmə"-nin keçdiyi yolu yalnız "yaradıcılıq illəri" kimi səciyyələndirmək olar. "Şirkət" və "yaradıcılıq" bir araya çətin sığan anlayışlar olsa belə, "Azər-ilmə" bu çətinliyin öhdəsindən də uğurla gəlmişdir. Bu illər ərzində görülən işlər bir daha sübut etmişdir ki, xalçanı toxumaq onu yaşatmaq üçün görülən işlərin hələ hamısı demək deyil. Xalçanı araşdıraraq toxumaq, bu işin ustadlarını tapmaq, aramaq, çeşni-çeşni, naxış-naxış öyrənmək vacibdir. Öz yaradıcılığını da bu zəmində quran və genişləndirən şirkətin mütərəqqi cəhətlərindən biri də burada Azərbaycan xalçasının çoxəsrlik tarixinin fundamental elmi tədqiqatlara cəlb olunmasıdır. Bu bir zərurət, illərlə öz araşdırmacısını gözləmiş bir problemdir. "Azər-İlmə"nin araşdırmaları elmdə yaranmış bu boşluğu aradan qaldırdı. Professor V.Muradovun rəhbərliyi ilə aparılan tədqiqatların, kompleks axtarışların nəticəsi kimi 2008-ci ildə Azərbaycan, ingilis, rus dillərində "Azərbaycan xalçaları", 2010-cu ildə Azərbaycan, ingilis, rus dillərində "Azərbaycan xalçaları. Qarabağ qrupu", 2011-ci ildə Azərbaycan, rus, ingilis, alman, fransız, ərəb dillərində "Azərbaycan xalçaları. İrəvan qrupu", "Azərbaycan xalçaları. Qarabağ qrupu", "Azərbaycan xalçaları. İrəvan qrupu", "Azərbaycan xalçaları. Təbriz qrupu", "Azərbaycan xalçaları. Şirvan qrupu", 2012-ci ildə "Azərbaycan xalçaları. Naxçıvan qrupu", "Azərbaycan xalçaları. Quba qrupu", "Azərbaycan xalçaları. Bakı qrupu", "Azərbaycan xalçaları. Gəncə qrupu", "Azərbaycan xalçaları. Qazax-Borçalı qrupu", 2013-cü ildə Azərbaycan və rus dillərində "Azərbaycan xalçaçılıq sənəti", Azərbaycan, alman, italyan, türk, ingilis, rus, ivrit, fransız dillərində "Azərbaycan xalçaları. Təbriz qrupu" kitabları, 2014-cü ildə Azərbaycan, rus, ingilis dillərində "Qazax-Borçalı bölgəsinin xalçaçıları" adlı kitab-kataloqu (dərs vəsaiti), rus və ingilis dillərində "İrəvan xalçaları" broşür-kataloqu, 2015-ci ildə "Azərbaycanın İrəvan bölgəsi: tarixi və xalçaları" monoqrafiyası, 2016-cı ildə Azərbaycan, rus, ingilis dillərində “Qarabağ bölgəsinin xalçaçılıq tarixi" adlı kitab-kataloqu (dərs vəsaiti) işıq üzü görmüş, dünya muzeylərinə və kitabxanalarına göndərilmişdir. "Azər-İlmə"nin ekspedisiya qruplarının respublikamızın müxtəlif xalçaçılıq bölgələri üzrə axtarışları da diqqətəlayiqdir. Məsələn, 2013-cü ildə Azərbaycan, rus və ingilis dillərində ayrı-ayrılıqda Nyu-Yorkda, İstanbulda və Moskvada işıq üzü görmüş "Naxçıvan xalçaçıları" kataloq-kitabı da bu tarixi türk yurdunun qədim xalçaçılıq ənənələri, bu el sənətini yaşadan, yaradan və gələcək nəsillərə ərməğan edən xalçaçılar, dünya muzeylərində və kolleksiyalarında mühafizə olunan, indiyədək Naxçıvanın Azərbaycan ictimaiyyəti üçün naməlum olan xalça və xalça məmulatları haqqında məlumat verilmişdir. Bu, çox uğurlu bir ənənənin başlanğıcı olmuşdur. Mərkəzin tədqiqat qruplarının Azərbaycanın İrəvan, Gəncə, Quba, Şirvan, Təbriz, Bakı kimi xalçaçılıq mərkəzləri üzrə axtarışları davam edir. Professor Vidadi Muradovun baş redaktoru olduğu, 2011-ci ildən Azərbaycan, rus, ingilis dillərində nəşr olunan "Azərbaycan xalçaları" jurnalı tez bir zaman ərzində maraqlı yazıları, ekspedisiya materialları, rəngarəng rubrikaları, fotoşəkilləri və s. ilə həm respublikamızda, həm də onun hüdudlarından kənarda geniş oxucu kütləsinin rəğbətini qazanmış, elmi ictimaiyyətin diqqətini cəlb etmişdir. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə "Sənətşünaslıq" (protokol №10-R, 06.07.2012) və "Tarix" (protokol №05-R, 13.05.2015) ixtisasları üzrə "Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin reyestri"nə daxil edilmişdir.
"Azər-İlmə" yerli və dünya telekanallarında xalçaçılığa dair elmi-kütləvi verilişlərdə uzun illərin gərgin axtarışlarından, topladığı zəngin təcrübədən qaynaqlanan müntəzəm və maraqlı çıxışlar edir. Bədii-estetik həll baxımından orijinal üsluba malik "Azərbaycan xalçaları bütün qrupları ilə" adlı telefilmlərin istehsalı ideyası da "Azər-İlmə" tərəfindən reallaşdırılmaqdadır. Artıq "Azərbaycan xalçaları. İrəvan qrupu", "Azərbaycan xalçaları. Qarabağ qrupu" və "Azərbaycan xalçaları. Naxçıvan qrupu", "Azərbaycan xalçaları. Qazax-Borçalı qrupu", "Azərbaycan xalçaları. Gəncə qrupu", "Rənglərin ahəngi" telefilmləri tamaşaçıların ixtiyarına verilib.

Zaman dəyişir. Zamanla birgə insanlar da, zövqlər də. Lakin elə dəyərlər var ki, onlar sabit qalır. Bütün zamanlar və məkanlar üçün öz aktuallığını, dəyərini qoruyur. Xalça da belə dəyərlərdəndir. O, hər dövrün nəbzini tutan, dəbi ilə ayaqlaşan, bəzən qərəzli münasibətlə üzləşsə belə öz gözəlliyini, saflığını qoruyan nemətimizdir. Azərbaycan xalçasının saflığını, gözəlliyini, tarixiliyini, toxunulmazlığını qorumaq məqsədilə yaradıcılıq imkanlarını get-gedə daha da genişləndirən "Azər-İlmə" öz üzərinə düşən vəzifələrin məsuliyyətini dəyərləndirir. Xalqın, dövlətin etimadını doğrultmaq, milli, mənəvi, əxlaqi prinsiplərə sadiqlik - "Azər-İlmə"nin amalı və fəaliyyət prinsipidir. "Azər-İlmə" bundan sonra da bu prinsiplər əsasında yaşayacaq və yaradacaq, doğma Azərbaycanımızın inkişafına xidmət göstərəcəkdir.