AZƏR-İLMƏ

XALÇAÇILIQ MƏRKƏZİ

İlmədən Xalçayadək

Boyaqçılıq emalatxanası

Burada ipliklər xalq üsulu ilə bitki mənşəli boyaq tərkibləri ilə boyanır. Zahirən sadə, lakin mahiyyətcə mürəkkəb olan bu iş üsulu ustadan böyük məharət tələb edir.

Xalçalarda istifadə edilən qırmızı, yaşıl, sarı, mavi, sürməyi, qara, ağ kimi 7 əsas rəngin və onların çalarlarının alınması üçün Azərbaycanın tarixi boyaqçılıq ənənələrinə müvafiq olaraq boyaqotu, biyan, yabanı çətənə, qoz, nar qabığı, palıd, murdarça, tut, çaytikanı, gəndalaş, heyva, qoz və s. kimi bitkilərin yarpaqlarından, oduncağından, meyvələrindən, həmçinin boyaqotu kolunun köklərindən istifadə edilir. Məsələn, sarı və bu rəngin yarım tonlarını almaq üçün soğan, alma qabığı, sarıçöp və payızda yığılmış tut yarpaqları, qırmızı rəngi almaq üçün boyaqotu, sürməyi, mavi və yaşıl rəngləri almaq üçün isə indiqodan istifadə edilir.

Boyama prosesinin sonunda usta rəngləmə intensivliyini və davamlılığını artırmaq məqsədilə boyağa duz, zəy və ya sirkə kimi bərkidici maddələr əlavə edir. Daha sonra boyanmış kələflər xüsusi dolablarda sıxılır və isti kameralarda qurudulur. Boyaqların seçimində və boyanma prosesinin gedişində ipək, yun iplərin fərqli texniki xüsusiyyətləri də nəzərə alınır. İpliyin tam boyanması, rəngin bərkidilməsi xalçanın bədii və texniki keyfiyyətinə zəmanət verir.
boyaqciliiq-son
 

 

 

Bədii tərtibat

Tərtibat hər bir xalçanın uğurunu şərtləndirən əsas amillərdən biridir. Bu mənada xalçaçı-rəssamların üzərinə böyük məsuliyyət düşür. "Azər–İlmə"də xalq xalçaçılığının sirlərinə dərindən bələd olan, çeşniləri işləyib hazırlayan, xalçaların texniki göstəricilərini müəyyənləşdirən, hər ilməni damalı kağız üzərində canlandıran, onların kolorit həllini və çalar diapazonunu dəqiqləşdirən peşəkar rəssamlar çalışır.

"Azər-İlmə"də indiyədək Azərbaycan xalçalarının Bakı, Qarabağ, Şirvan, Qazax-Borçalı, Təbriz, İrəvan, Naxçıvan, Quba, Gəncə qruplarına aid 1000-ə yaxın rəngarəng həm klassik, həm də modern xalça çeşniləri hazırlanmışdır. Xalçaçı rəssamlar hər bir qrupa aid səciyyəvi xalça çeşniləri ilə yanaşı, iki və ya daha artıq qrupun naxışlarını, elementlərini özündə əks etdirən nümunələr üzərində də çalışır, maraqlı və gözəl nəticələr əldə edirlər. Bununla da Azərbaycan xalqının minilliklər boyu yaratdığı, bu gün dünya muzeylərinin və şəxsi kolleksiyaların bəzəyinə çevrilmiş, unudulmaqda olan çeşnilər yaşadılır, yeni xalçalar üzərində həyata qaytarılır.

"Azər-İlmə"də Azərbaycanın müxtəlif bölgələrini təmsil edən toxucular rəssam tərəfindən hazırlanmış çeşnilər olmadan, yəni tarixi xalçaçılıq ənənələrini yaşadaraq öz fantaziya və bacarıqlarını xalçalar üzərində reallaşdırmaq imkanına malikdirlər. Xalçaçı qadınların öz nənələrindən, analarından öyrəndikləri üsulla toxuduqları xalçalar Azərbaycanın qədim xalq xalçasının əsl varisləridir. Bu halda rəng, naxış seçimi, həmçinin ölçü, sıxlıq, xovun hündürlüyü kimi texniki göstəricilər də xalçaçının özü tərəfindən müəyyənləşdirilir. Bu, istehsalat uğuru olmaqla yanaşı, eyni zamanda yeni yaradıcılıq axtarışlarının nəticəsi, klassik ənənələrinin davamıdır.

"Azər-İlmə"də xüsusi sifarişlər əsasında yüksək keyfiyyətli portret-xalçalar da toxunur. Xalçaçı-rəssamlar tərəfindən hazırlanan eskizlər əsasında toxunan bu xalçalar yüksək keyfiyyəti, təsvir dəqiqliyi, həmçinin müvafiq rəngləri, haşiyələri, ornament bəzəyi ilə seçilir.

Bedii_tertibat-son
 

 

 

Toxuculuq emalatxanası

"Azər-İlmə"nin toxuculuq emalatxanasında quraşdırılan keyfiyyətli materiallardan hazırlanmış hanalarda ən qısa zaman ərzində müxtəlif ölçülərdə (1m²-dan 40m²-dək) ipək və yundan Azərbaycanın xalça qruplarının texnologiyasına müvafiq xovlu və xovsuz xalçalar istehsal edilir. Xüsusi ucu qarmaqlı bıçaq, həvə və qayçıdan istifadə edilməklə toxunan xalçalar qədim ənənələri əks etdirir.

Xalçaçılar sadə və mürəkkəb kompozisiyalarını çeşnilər əsasında, dəqiqliklə müxtəlif ölçülü xalçalar üzərinə ustalıqla köçürürlər. Bu xalçalar istehlakçıların zövqünü oxşayır, rəng həlli, kompozisiyası ilə müasir mənzillərin interyerinə uğurla daxil ola bilir.

toxuculuq_emalatxanasi-son
 

 

 

Xalçanın yuyulması, qurudulması və ütülənməsi

Hanadan kəsilməsi hələ xalçanın istifadəyə tam hazır olması demək deyildir. "Azər-İlmə"də xalçaların toxunuşu başa çatdıqdan sonra  onlar fıstıq ağacından hazırlanmış dolablarda çırpılmaqla toz və xov qırıntılarından təmizlənir, xüsusi hovuzlarda su, sabun və təbii yuyucu vasitələrlə yuyulur, xüsusi qurğularda qurudulur. 

Xalçanın estetik gözəlliyinin, xovunun hamar və parlaq olmasının sirlərindən biri də onun müasir üsullarla ütülənməsidir. Bu zaman hər bir xalçanın xovlu və və ya xovsuz olması, yun və ya ipək iplərdən toxunması nəzərə alınır. Çünki texniki göstəricilər xalçaların ütülənmə temperaturunun müəyyənləşməsinə təsir göstərir. 

Xalcanin_qurudulmasi-son
 

 

 

Xalçanın dartılması

"Azər-İlmə"də xalçaların son emal proseslərindən biri də  dartılmadır. Burada xalçalar zərif, ipək və ya yundan əl ilə toxunduqları üçün, onlarda eninə və ya uzununa qeyri mütənasiblik-əyrilik müşahidə edilir. 

Bu qüsurun aradan qaldırılması üçün xalçalar taxta döşəmələr üzərində baş və ətək, yaxud hər iki yanından yerə tarım çəkilir. Düz mərkəzindən isə köməkçi ağaclar vasitəsilə xalça qaldırılaraq bu yaranmış hündürlükdə arxa üzündən ütülənir və yenidən yerə tarım çəkilərək təxminən iki gün eyni vəziyyətdə saxlanılır. Nəticədə xalçanın səthindəki əyrilik aradan qaldırılır. 

Xalcanin_dartilmasi-son