353
Ara sahəni bəzəyən digər element “bulud”dur. Azərbaycan dekorativ-tətbiqi sənətində qədim
dövr­lərdən mövcud olan, orta əsrlərdə isə daha da inkişaf edən “bulud” motivi öncə saxsı və metal
məmulatlarında, memarlıqda, daha sonra parça, xalça, miniatür və s. sənət sahələrində tətbiq edil-
mişdir. “Bulud” elementi müxtəlif formalarda sadə, mürəkkəb və süjetli olur. Mürəkkəb “bulud”lar
çıxıntılı, süjetli “bulud”lar isə insan, əjdaha, ilan və s. təsvirli olur.
Bu xalçada “sadə bulud” verilmişdir. “Bulud” ele­mentləri şəkəri, qəhvəyi, zoğalı, göy rənglərlə tərtib
edilmişdir.
Şəkəri yerlikli ana haşiyədə zoğalı, sarı, sürməyi, şəkəri, çəhrayı, mavi, qəhvəyi rəngli “anagül”,
dördləçəkli və beşləçəkli kiçik ölçülü güllər, burulmuş yarpaq və budaqlar işlənmişdir.
Ağ yerlikli bala haşiyələrdə isə zoğalı, göy, sürməyi, qəhvəyi rəngli kiçik gül, yarpaq və “islimi”lər
tərtib edilmişdir.
“İslimi” Azərbaycanın dekorativ-tətbiqi sənətində, xüsusən də xalçaçılıqda istifadə olunan əsas
elementlərdən biridir. Dairəvi formada şaxələnmiş dalğalı budaqlar və onları əhatə edən yarpaqlar
bu naxışın əsasını təşkil edir. “İslimi”nin sadə, qanadlı, haçalı, hörmə, butalı və s. kimi növləri vardır.
Haşiyə bəzəyinin əsasını təşkil edən islimilər “haçalı islimi”lərdir.
Ana haşiyə və bala haşiyələri, eyni zamanda ara sahəni yaşıl-çəhrayı rəngli “siçandişi”lər əhatə edir.
Xalçanın açıq-yaşıl rəngli yerliyi ona sakit və eyni zamanda, çox gözəl görünüş gətirir. Açıq rəngli
yerlikdə sürməyi, göy və zoğalı rənglərlə tərtib edilmiş elementlər qabarıq və ifadəli görünür. Qəhvəyi
rəngin açıq və tünd çalarları həm ara sahənin, həm də digər elementlərin rəngi ilə peşəkarlıqla uyğun-
laşdırılaraq tətbiq edilmişdir. Beləliklə, heç bir rəng digərinə qarışmır, əksinə ümumi kompozisiyanı
tamamlayır.
Xalçanın yuxarı və aşağı hissələrində şəkəri rəngli saçaqlar vardır. Xalçanın xovu yun, əriş və arğacı
pambıqdır. Saxlanma vəziyyəti əladır. Xalça bədii, tarixi, elmi əhəmiyyət kəsb edir.
1...,343,344,345,346,347,348,349,350,351,352 354,355,356,357,358,359,360,361,362