76
“Xan” xalçası Qubanın ən incə və zərif toxunuşlu nümunələrindəndir. Materialı
yundur, əl işidir, xovludur. Bu növ xalçalar, adətən, Qubanın Cimi, Qonaqkənd,
Buduq kəndlərində istehsal edilirdi. Bəzən onu “Xan-Qonaqkənd” deyə də ad­
landırmışlar. XIX əsrdə təşkil edilmiş sərgilərdə “Xan” xalçası “Quba” adı altında
təqdim edilmişdir. Çox incə kompozisiyaya malikdir. Adətən, bu xalçanın yerliyi
sürməyi rəngdə, üzərindəki naxışlar isə, bir qayda olaraq, şəkəri rəngdə olur. Artıq
bu rəng ahəngi klassik ənənəyə çevrilib. Sanki bir boşluq sahə üzərində bəndi-rumu
quruluşunda stilizə edilmiş həndəsi naxışlar yerləşdirilib. “Xan” xalçasının mərkəz
sahəsindəki naxışları ərəb kalliqrafiyası ilə yazılmış dualara da bənzədirlər. Bu xal­
ça üzərində daha çox insan başlarını xatırladan ornamentlər vardır. Ağac, budaq,
səkkizgüşəli ulduz, romb, heyvan təsvirləri – bütün bu naxışlar xalça üzərində çox
mücərrəd şəkildə təsvir edilmişdir. Sanki gövdəsi ağac olan bir bitki üzərində tək
meyvə var və ondan da hər iki tərəfə narabənzər cüt meyvələr toxunub. Bu abstrakt
kompozisiyada cizgilərdən çox böyük məharətlə istifadə edilib. Onlar, şübhəsiz
ki, semantik baxımdan mürəkkəb ezoterik məna daşıyır, müqəddəs fikirlərlə bağ­
lı məzmun kəsb edirlər. Hətta nəinki islam, atəşpərəstliklə bağlı atributlar burada
qorunub saxlanılmışdır. Məsələn, hər iki etiqadda (Atəşpərəstlik və İslamda) nar
müqəddəs meyvə sayılıb. Bu xalça üzərində şərtiliklər çoxdur. Ola bilsin ki, bu xal­
çanın yaranma tarixi də “kufi” haşiyə zolağı kimi tarixin dərin qatlarına aparıb çı­
xarır.
“Xan” xalçasının haşiyə zolağı üç hissədən ibarətdir: ana haşiyə və iki mədaxil
zo­laqları. Hər üç zolağın müstəqil, sərbəst elementləri vardır. Onların hamısı nəbati
na­xışlardan ibarətdir. Ana haşiyənin ağ rəngi ilə ara sahədə toxunmuş şəkəri tonlu
na­xışlar arasında, bir növ uzlaşma, harmoniya yaranmışdır.
Xalçada heç bir təmir-bərpa işləri aparılmamışdır. Xalçanın saxlanma vəziyyəti
əladır. Xalça tarixi, bədii, elmi əhəmiyyət kəsb edir.
1...,68,69,70,71,72,73,74,75,76,77 79,80,81,82,83,84