66
“Cimi” xalçası Quba qrupunun ən sevilən nümunələrindəndir. Bəzi detalla­
rı ilə “Qaraqaşlı” xalça kompozisiyasını xatırladır. Xalçanın ərişi, arğacı və xovu
yundandır. Toxunuşu türkbafdır. Bu xalça öz ölçüsü baxımından kənarə (yolluq)
xüsusiyyəti daşıyır. Ola bilsin ki, vaxtilə “Cimi” xalçasının xalı dəsti kimi mərkəz
hissəsi də olmuşdur. Xalça Quba rayonunun Cimi kəndində toxunmuşdur.
Xalça orijinaldır. Çox dəqiq toxunub. Yüksək sıxlığa malikdir. Xalçanın haşiyə zo­
lağı üç hissədən ibarətdir. İki kənar haşiyələr – mədaxillər eyni naxışlarla bəzədilib.
Bu naxışlar kiçik ölçüdə olsalar da, onlar çox incə formada sürməyi yerlik üzərində
sarı və qırmızı yunla mixəkgülü formasında toxunmuşlar. Ana haşiyəni isə “tirmə”
şalın naxış üslubunda toxunmuş diaqonal elementlər bəzəyir. İncə, sıx toxunmuş bu
naxışların hər biri aydın sıralanma təəssüratı yaradır. Xalçanın bir hissəsində haşiyə
zolağında göründüyü kimi əbrəş vardır. Bu əbrəş yunun təbii boya ilə boyanması
zamanı kələfin alt hissəsində qalmış və boyaq rəngini zəif almış yunlardır. Zaman
keçdikcə xalça işlənmiş, yuyulmuş, rəngi zəif qəbul etmiş sahə də nisbətən çalarını
də­yişmişdir.
Xalçanın ara sahəsi sürməyi yerliklidir. Mərkəzdə ətrafları qarmaqlı olan romb
həndəsi elementləri toxunub. Tənək yarpaqları, səkkizguşəli ulduz, xalq arasında
“sacayaq” adlanan elementlər çox harmonik şəkildə toxunmuşlar. “Sacayaq” ele­
men­tini bəzən “islimi” naxışının təsvir variantlarından biri kimi şərh edirlər. Lakin
xalq arasında od, alovun simvolu sayılan “sacayaq”, əslində, harmonik şəkildə, çox
bö­yük zövqlə toxunmuş quş obrazının stilizə edilmiş formasıdır.
“Cimi” xalçası üzərində toxunmuş bütün naxışların öz bədii təsvir forması olduğu
kimi, onların hər birinin də semantik baxımdan dərin mənası vardır.
Mavi, qırmızı, sarı, şəkəri rənglərin hər biri hərarəti ilə xalçanın baxımlı olmasına
zəmin yaradır.
Xalçada heç bir təmir-bərpa işləri aparılmamışdır. Xalçanın saxlanma vəziyyəti
əladır. Xalça tarixi, bədii, elmi əhəmiyyət kəsb edir.
1...,58,59,60,61,62,63,64,65,66,67 69,70,71,72,73,74,75,76,77,78,...84