70
Zili Azərbaycanda toxunan xovsuz xalçaların geniş yayılan
növlərindən biridir. Bu çeşnidə zililər bir qayda olaraq Abşeronun
Xızı toxuculuq məntəqəsində daha böyük peşəkarlıqla toxunublar.
Bu bədii quruluşda olan zili xovsuz xalçaları rəmzi olaraq üzərindəki
naxışlara görə müqəddəs-qoruyucu mahiyyət kəsb etdiyi üçün onlar
daha çox divardan asılardı.
Baş və ətəkdən enli yelənlə tamamlanan zilinin mərkəz sahəsi
büsbütün damalardan təşkil olunub. Onların arasında toxunan ki­
çik, ağ yerlikli haşiyə zolağı stilizə edilmiş çiçəklərin bir-biri ilə
qarmaq formalı birləşməsi üzərində qurulub. Əsasən, üç rəngin
növbələşməsindən toxunan, çox da böyük ölçülü olmayan zili üzə­
rində bütün naxışlar tam xalçanın semantik məzmununa uyğun seçi­
lib. Hər bir naxış həndəsi üslubda icra edilib, bu da Azərbaycan xalça­
larını digər xalqların xalçalarından fərqləndirən özəlliyini təşkil edir.
“S” , budaq, çiçək, quş, ağac – hər biri xalqımızın mistik dünyagörü­
şü, mifologiyası ilə bağlı gizli məna kəsb edirlər. Xalçaya gəlməzdən
əvvəl hələ tunc dövrünə aid Kültəpə, e.ə. X-VII əsrlərə aid Təpə-
Siyalkdan tapılmış gil qablar üzərində həkk edilmiş quş, ağac, romb
motivləri ilə zili üzərindəki naxışlar arasında böyük paralellər vardır.
Başları taclı, boğazları baftalı (lentli), lələkləri təmtəraqlı olan bu quş
təsvirləri sözsüz ki, səmavi elçiləri təmsil edirlər. Yalnız ilmələrdən,
düyünlərdən yaranan bu motivlər dolğun missiyanı icra edən obraz­
ları çox canlı əks etdirirlər. Boy və formalarındakı fərqliliyə görə on­
ları bir neçə növə bölmək olar. Zili üzərində toxunmuş ağac elementi
də bəşəri məzmun kəsb edir. Əbədi həyat, həyat ağacı, idrak ağacı
kimi müxtəlif adlar daşıyan bu element bütün hallarda bir müqəddəs
mənaya malikdir. O da insanın əbədiliyini – yəni yeraltı dünyada,
yaşanan həyatda və ölümdən sonrakı dünyada onun əbədi varlığı­
nın simvoludur. Zili xalçası üzərində toxunan naxışlar öz harmonik
düzülüşü ilə çox baxımlıdır. Orijinal naxışlar, həzin ahəng, narın
ilmələr, zərif yun bu xalçanın yüksək mənəvi və texniki dəyərindən
xəbər verir. Zilinin rənglərindən belə məlum olur ki, bu xovsuz xalça
xüsusi sifariş əsasında toxunub. Saxlanma vəziyyəti əladır.
1...,62,63,64,65,66,67,68,69,70,71 73,74,75,76