175
Xovlu xurcun üzünün bədii quruluşu ara sahə və haşiyələrdən ibarətdir.
Bu xurcun üzü özünün bədii quruluşu və rəng həllinə görə Azərbaycanın digər bölgələrində toxunan xalçalarla eynilik
təşkil edir. Xalçaçılıq qaşqayların əsas məşğuliyyət növü olduğu üçün onlar müxtəlif rənglər və naxışlar hesabına gözəl
nümunələr yaradırdılar. Özlərinəməxsus elementlər və naxışlar onların adət-ənənələrini, həyat tərzlərini əks etdirir. Qaş-
qayların bir qolu olan bayatlar Göyçay, Salyan, Quba, Şamaxı və Şuşa ərazisində də yaşayırlar. Bu xurcun üzündə rast
gəlinən naxış və rəngləri onların toxuduqları xalça məmulatlarında da görmək olar.
Sürməyi yerlikli ara sahədə bir böyük, dörd kiçik ölçülü “qarmaqlı”, rombşəkilli göl təsvir olunub. Böyük ölçülü gölün
sumağı rəngli yerliyində sürməyi, şəkəri, qəhvəyi, sarı və kərpici rənglərlə işlənmiş kiçik romblardan və “qarmaq”lardan
ibarət dörd həndəsi element vardır. Onların mərkəzində isə şəkəri, yaşıl, göy rəngli ləçəklərlə və mavi, kərpici rəngli kiçik
romblarla bəzədilmiş gül yerləşdirilmişdir. “Qarmaqlı” həndəsi elementlər mərkəzdəki gülə yuxarıdan və aşağıdan sürməyi
və şəkəri rəngli “siçandişi” elementləri ilə, sağ və soldan isə sürməyi rəngli “su”larla birləşdirilmişdir. Bu dörd elementdən
başqa, ara sahədə təsvir olunmuş yaşıl, sürməyi və kərpici rəngli kiçik ölçülü romblar da mərkəzdəki gülə birləşdirilmişdir.
Gölün boş sahələri sürməyi, mavi, sarı və yaşıl rəngli stilizə olunmuş “qarmaq”larla, sürməyi rəngli kiçik romb və xaçva-
ri elementlərlə, sürməyi, kərpici, sarı rənglərlə işlənmiş kiçik “şəbəkə”lərlə bəzədilmişdir. “Qarmaqlı” elementləri gölün
daxilində mavi rənglə, xaricində isə şəkəri rənglə işlənmişdir. Göl yuxarı və aşağıdan, sağ və soldan “buynuz” elementləri
ilə tamamlanır.
Böyük ölçülü gölün ətrafında yerləşdirilmiş dörd nisbətən kiçik ölçülü qarmaqvari rombların ara sahəsi çəhrayı, sarı,
kərpici, yaşıl, qəhvəyi, mavi, şəkəri, sumağı rəngli romblarla “şəbəkə” üslubunda bəzədilmişdir.
Ara sahənin boş hissələri sürməyi, şəkəri rənglərlə işlənmiş kiçik romblar, mavi, sarı, yaşıl, şəkəri, kərpici rəngli stilizə
olunmuş quş, “qarmaq” və xaçvari elementlərlə zənginləşdirilmişdir.
Ara sahəni bəzəyən naxışlara müxtəlif ölçülü romblar və stilizə olunmuş nəbati elementlər daxildir.
Xurcun üzünün kompozisiyası ilk baxışdan səmanı xatırladır. Müxtəlif ölçülü rombvari elementlərin bir-birinin ətrafında
sıra ilə düzülüşü hər bir kəsdə eyni təəssürat oyadır.
Şəkəri yerlikli ana haşiyədə zoğalı, yaşıl, mavi, sarı, çəhrayı, göy rəngli həndəsi elementlər işlənmişdir.
Ana haşiyəni yaşıl və sumağı rəngli, ara sahəni isə mavi və sumağı rəngli “siçandişi” elementləri əhatə edir.
Xurcun üzünün yuxarı hissəsində ağ və sürməyi rəngli, aşağı hissəsində isə ağ və innabı rəngli “Zili” xovsuz xalçalarına
xas olan elementlərdən ibarət zolaqlar vardır.
Toxunuş zamanı rəngarəngliyə üstünlük verilmişdir. Əsas rənglər sürməyi və sumağıdır. Peşəkar usta şəkəri və sarı
rənglərdən kompozisiyalar arasında ardıcıllıq yaradılması, digər rəng və çalarlardan isə təsvirlərin daha dəqiq və gözəgəlimli
olması üçün istifadə etmişdir.
Xurcun üzünün yuxarı və aşağı hissələrində şəkəri rəngli saçaqlar vardır. Xovu, ərişi və arğacı yundur. Saxlanma vəziyyəti
tamdır. Xurcun üzü tarixi, bədii, elmi əhəmiyyət kəsb edir.
1...,165,166,167,168,169,170,171,172,173,174 176,177,178,179,180,181,182,183,184,185,...362