177
Qaşqaylar öz adət-ənənələrini bu günə qədər qoruyub saxlayırlar. Onlarda kənar mədəniyyətin təsiri, demək olar ki,
müşahidə olunmur. Qədim toxuculuq ənənələrindən irəli gələn naxış həlli fərqli biçimlərdə təqdim olunsa da, əsaslı
dəyişikliyə uğramayıb. Qaşqayların məişətində məfrəşin xüsusi yeri var. Bu, onların yaşam tərzi ilə bağlıdır. Digər xalça
məmulatları kimi məfrəşə də xüsusi diqqət ayıran qaşqaylar onu rəngarəng və parlaq şəkildə toxuyurlar.
Məfrəş üzünün kompozisiya quruluşu çox mürəkkəb ara sahə və sadə haşiyə hissəsindən ibarətdir. Təsvir edilmiş eyni
elementlər bir-birinin aynadakı əksi kimi təsir bağışlayır. Sürməyi yerlikli ara sahənin mərkəzində çəhrayı rəngli, kənarları
pilləli çoxbucaqlı təsvir edilmişdir. Çoxbucaqlının içərisində isə göy, mavi, sarı, çəhrayı, qəhvəyi, şəkəri rənglərlə işlənmiş
nisbətən kiçik ölçülü “alma” elementi yerləşdirilmişdir. Bu elementi təşkil edən ayrı-ayrı hissələri dörd cüt “sevgili buta”
motivləri bəzəyir, lakin bu elementlər stilləşmiş formada işlənmişdir. Çəhrayı rəngli çoxbucaqlının ətrafında sağ sol, yuxarı
və aşağı hissələrdə eyni formalı qəhvəyi rəngli “ox”lar vardır. Bu motivlər ümumilikdə “dörd ünsür” elementini xatırladır.
Yuxarı və aşağı hissələrdə yerləşən “ox”ların üstündə şəkəri, çəhrayı, qəhvəyi, sürməyi, mavi rənglərlə işlənmiş sütunlar
yerləşdirilmişdir. Hər iki sütunun sağ və solunda şəkəri, mavi, qəhvəyi, sürməyi, çəhrayı, sarı rənglərlə stilləşmiş heyvan
təsvirləri verilmişdir. Heyvanların üzərində kiçik həndəsi və nəbati elementlər yerləşdirilmişdir. “Dörd ünsür” elementinin
sağ və sol hissələrində qəhvəyi, mavi, sürməyi, çəhrayı rəngli “balıq”, və ya “yarpaq” motivləri təsvir edilmişdir. Onların
düzülüşü elə qurulmuşdur ki, ikisi birlikdə altıbucaqlı həndəsi forma almışdır. Onların da içərisində kənarları qəhvəyi,
nisbətən kiçik ölçülü səkkizbucaqlı və şəkəri, çəhrayı, qəhvəyi rənglərlə işlənmiş dörd kiçik altıbucaqlı təsvir edilmişdir.
Ara sahənin yuxarı və aşağı hissələrinin hər birində iki cüt ağ, sarı, çəhrayı, sürməyi, qəhvəyi rənglərlə işlənmiş “küsülü
buta”lar yerləşdirilmişdir. “Buta”ların biri açıq, digəri isə tünd rənglərlə işlənmişdir.
Məfrəş üzünün naxış tərtibatında əsas elementlərlə yanaşı, kiçik ölçülü doldurucu elementlərdən də istifadə edilmişdir.
Bu elementlər açıq və tünd-qəhvəyi, zoğalı-qırmızı, çəhrayı-mavi rəngli dördayaqlı heyvan, sarı, şəkəri, ağ, çəhrayı, göy,
mavi, sürməyi, zoğalı, qırmızı, açıq və tünd-qəhvəyi rəngli “dörd ünsür”, altıbucaqlı element və “S” şəkilli elementlərdir.
Ara sahə dörd tərəfdən çəhrayı rəngli incə “su”larla tamamlanır.
Ağ yerlikli ana haşiyədə açıq-yaşıl, sürməyi, mavi, qırmızı, zoğalı, çəhrayı, sarı və tünd-qəhvəyi rəngli stilizə edilmiş
“ördək” və insan təsvirləri verilmişdir. Ördək və insan təsvirləri bir cərgədən bir baş-ayaq formada təsvir edilmişdir. Ana
haşiyəni hər iki tərəfdən sarı-qəhvəyi rəngli “siçandişi” elementləri əhatə edir.
Məfrəş üzü müxtəlif elementlərlə zəngin olduğu kimi, bu məmulatın rəng tərtibatı da çox zəngindir. Sürməyi yerlikdə
təsvirlərin aydın nəzərə çarpması üçün şəkəri, ağ, sarı, çəhrayı, açıq-qəhvəyi rənglərdən məharətlə istifadə edilmişdir. Bu
rənglər bir-biri ilə yüksək peşəkarlıqla uyğunlaşdırılaraq, ona daha gözəl görünüş gətirmişdir.
Məmulatın yuxarı və aşağı hissələrində açıq və tünd-qəhvəyi rəngli saçaqlar vardır. Xovu, əriş və arğacı yundur. Saxlanma
vəziyyəti tamdır. Məfrəş üzü bədii, tarixi, elmi əhəmiyyət kəsb edir.
1...,167,168,169,170,171,172,173,174,175,176 178,179,180,181,182,183,184,185,186,187,...362