7
müəllifdən
Azərbaycan xalçaları dünya xalçaçılıq sənətinin nadir incilərini təşkil edir. Bu, ölkədə xalçaçılığın qədim tarixi, ən yaxşı
xalçaçıların əldə etdiyi təcrübə və ənənənin böyük qayğı ilə qorunaraq nəsildən-nəslə ötürülməsi və daim zənginləşdirilməsi
ilə bağlıdır. İstər Azərbaycanın özündə, istərsə də onun hüdudlarından kənarda burada istehsal olunan xalçalara həmişə
böyük tələbat olmuşdur. Azərbaycan xalçaları insanların gündəlik məişət qayğılarını və estetik zövqünü ödəməklə bərabər,
əvəzsiz sənət nümunəsinə çevrilmişdir.
Bütün bunlar nəzərə alınaraqAzərbaycan xalçası 16 noyabr 2010-cu ildə YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni
İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir.
Azərbaycanda xalçaçılığın təbliği və inkişafı sahəsində “Azər-İlmə”nin də böyük xidməti vardır. Burada sözün əsl
mənasında elmi-təcrübi tədqiqat və təbliğat kompleksi yaradılmış, “Azərbaycan xalçası” jurnalının nəşrinə başlanmışdır.
Azərbaycan xalçasının tədqiqi və təbliği sahəsində baş xətt isə “Azərbaycan xalçaları bütün məktəbləri ilə” adlı Bö-
yük layihənin reallaşdırılması ilə bağlıdır. Bu layihə üzrə ilk fundamental əsər – “Azərbaycan xalçaları Qarabağ qrupu”
Azərbaycan-ingilis və Azərbaycan-rus dillərində (Bakı, Elm, 2010, 272 səh.) nəfis şəkildə çap edilmişdir. “Azərbaycan xalça-
ları Qarabağ qrupu” kitabında “Böyük layihə: Azərbaycan xalçaları bütün məktəbləri ilə”, “Azərbaycanın Qarabağ bölgəsi:
tarixi oçerk”, “Qarabağ xalçaları: tarixdən bu günə”, “Qarabağda toxunmuş xalçalar və ipək tikmələr dünya muzeylərində
və şəxsi kolleksiyalarda”, “Azər-İlmə”-nin “Sehrli ilmələr” qalereyasının Qarabağ xalçaları kolleksiyasından” və s. bölmələr
əksini tapmışdır. Kitabda Azərbaycan xalçaçılığının öyrənilməsi tarixində ilk dəfə olaraq yüz Qarabağ xalçasının bədii
sənətkarlıq xüsusiyyətləri ilə birgə, texniki göstəriciləri də müəyyənləşdirilmiş və verilmişdir.
“Azərbaycan xalçaları Qarabağ qrupu” kitabı işıq üzü gördükdən sonra dünyanın tanınmış xalçaçı-sənətşünasları və
xalçasevərləri arasında böyük diqqətə səbəb olmuş, müsbət rəylər yaratmışdır. Bu tədqiqat “İlin kitabı” nominasiyasında
qalib olmuşdur. Azərbaycanın Qarabağ bölgəsinin tarixi və onun mədəniyyətinin inkişaf istiqamətlərindən biri olan xal-
çaçılığın vəhdətdə tədqiqi belə bir həqiqəti bir daha təsdiq edir ki, Qarabağ bütün tarix boyu Azərbaycan torpağı olmuş,
onun zəngin maddi-mənəvi aləminin tərkib hissəsi kimi inkişaf etmişdir. Bu kitab, eyni zamanda, Ermənistanın Azərbaycan
torpaqlarının işğalına son qoyması, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası sahəsində dövlətin və xalqın
birgə fəaliyyətinin uğurla həyata keçirilməsinə töhfə hesab edilməlidir.
Azərbaycan xalçalarının Qarabağ qrupu üzrə araşdırmalarla birgə, digər qruplar üzrə də tədqiqat davam etdirilmiş,
növbəti araşdırma İrəvan qrupuna həsr olunmuşdur.
Azərbaycan xalçalarına dair tədqiqatlarda bu sahə üzrə müxtəlif lokal qruplar və məktəblər (Qarabağ, Quba, Şirvan,
Bakı, Gəncə, Qazax, Naxçıvan, Təbriz) ayrılır. Tarixi-coğrafi Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində yaşayan
azərbaycanlı­lar arasında xalçaçılığın inkişafının əsas meyilləri nəzərə alınaraq, Qazax, Qarabağ və digər qruplarla vəhdətdə
araşdırılırdı. Lakin aparılan tədqiqatlar Qərbi Azərbaycanda xalçaçılığın inkişafının obyektiv mənzərəsini yaratmaq üçün
onun şərti olaraq “İrəvan qrupu” kimi ayrılması zərurətini irəli sürmüşdür. Bu, bir sıra təbii, sosial-iqtisadi və siyasi amillərlə
(təbii-coğrafi şərait, əhalinin təsərrüfat həyatı, Ermənistan dövləti tərəfindən azərbaycanlılara qarşı məqsədyönlü soyqırımı
və deportasiya siyasətinin aparılması, azərbaycanlıların dədə-baba torpaqlarından qovulmasının başa çatdırılması və s.)
izah olunur. Azərbaycan xalçalarının İrəvan qrupunun ayrılması xalqın ənənələrinin qorunması, yaşadılması, tarixi torpaq-
larına sədaqətinin ifadəsi üçün də əhəmiyyətlidir.
“Azərbaycan xalçaları İrəvan qrupu” kitabı Qarabağ xalçaları haqqında tədqiqatın ümumi kompozisiyasını saxlamışdır.
BuradaAzərbaycan torpaqları olan Qərbi Azərbaycanın tarixinə nəzər salınır, İrəvan qrupu xalçalarının xarakteristikasından
bəhs olunur, yüz iki nadir xalçanın şəkli və təsviri verilir. Kitabda verilmiş hər bir xalçanın çeşnisi, rəng ahəngi, semantikası,
insanların ətraf mühitə və inkişafa dair fəlsəfi baxışları onların Azərbaycan gerçəkliyinin əksi olduğunu qəti şəkildə ortaya
qoyur. Bunun təkzibedilməz sübutlarından biri də İrəvan xalça qrupunun məhz Ümumazərbaycan xalçaçılığı kontekstində
özünəməxsus yer tutması, burada əldə edilmiş nailiyyət və uğurlara əsaslanmasıdır.
Oxuculara “Azərbaycan xalçaları bütün məktəbləri ilə” layihəsindən təqdim olunan yeni fundamental kitab Təbriz qrupu
xalçalarına həsr edilmişdir. Təbriz qrupu Azərbaycan xalçaçılığının ən möhtəşəm tərkib hissələrindən biri olub, onun bütün
nailiyyətlərini özündə əks etdirməklə bərabər ,özünəməxsus cəhətləri ilə də diqqəti cəlb edir.
“Azərbaycan xalçaları Təbriz qrupu” kitabında Qarabağ və İrəvan qruplarına dair ümumi konsepsiya saxlanılmış, la-
kin Təbriz qrupunun spesifikasından irəli gələn məsələlər də nəzərə alınmışdır. İlk əvvəl Azərbaycan xalçalarının Təbriz
qrupunun ümumi xarakteristikası verilmişdir. Kitabın əsas hissəsini xüsusi kolleksiyada saxlanan 89 xalçanın yüksək
peşəkarlıqla çəkilmiş fotoşəkilləri və müasir xalçaçılıq kriteriyaları əsasında təqdim edilən səciyyəsi təşkil edir. Təbriz qrupu
xalçalarını ən ideal sənətkarlıq xüsusiyyətləri ilə bərabər, onların üzərindəki dərin məzmunlu və ibrətamiz “kitabələr” də
rövnəqləndirir. Ona görə xalçalar üzərində olan bütün kitabələr də fars dilindən tərcümə edilib tədqiqata cəlb olunmuşdur.
Belə bir yanaşma bu xalçaların fəlsəfəsinin hərtərəfli açılmasına yardımçı olmuşdur. Ən mühüm elmi yeniliklərdən biri də
təqdim edilən xalçaların sənətkarlıq baxımından “simasına” çevrilmiş başlıca elementlərinin daha aydın dərk edilməsi üçün
seçilərək ayrıca verilməsidir. Belə bir yanaşma nəticəsində hər bir xalçanın xarakteristikası bütün komponentləri ilə birlikdə
dərin elmi araşdırmaya çevrilmişdir. “Azərbaycan xalçaları Təbriz qrupu” kitabı digər qruplar üzrə nəşrlərdə olduğu kimi
biblioqrafiya ilə başa çatır.
“Azərbaycan xalçaları Təbriz qrupu” kitabı Azərbaycan xalçaçılığının öyrənilməsi sahəsində yeni nailiyyət olmaqla
bərabər, dünya miqyasında xalçaçılığın tədqiqi işinə də böyük töhfədir.
Vidadi Muradov
professor
1,2,3,4,5,6 8,9,10,11,12,13,14,15,16,17,...362