40
Xalça Quba qrupuna aiddir. El arasında bu xalçanın adı “Zeyxur”dur. Qusarın
Yuxarı Tahircal kəndində toxunmuşdur. Əl işidir. Ərişi, arğacı və xovu yundandır.
Ölçüsünə görə bir növ yolluğu xatırladır.
Xalça iki enli haşiyə zolağından və ara sahədən ibarətdir. Kənar haşiyə zolağının
yerliyi ilə ara sahənin rəng həlli arasında ahəngdarlıq vardır. Bu rəng çaları naxışla­
rın daha aydın cəlbedici görünməsinə kömək edir.
Kənar haşiyə zolağı üzərində Qubanın “sumax” xovsuz xalçalarına xas olan “qar­
maq” naxışları ardıcıl şəkildə sürməyi, qırmızı, ağ rənglərin növbələşməsi ilə toxu­
nub. Xalçanın yan tərəflərində toxunan bu “qarmaq” naxışlarının arasında üçləçəkli
nəbati elementlər dəqiqliklə, kiçik ölçülərdə yerləşdirilib. “Qarmaq” naxışlarının
ara­sında və bərabər məsafələrdə xalçanın baş və ətəyində “romb” elementləri to­
xunub.
İkinci haşiyə zolağı stilizə edilmiş həndəsi formalı nəbati naxışlarla bəzədilib. Bü­
tün bu elementlər rapportlar şəklində təkrarlanmaqla xalçaya bir dinamiklik, hə­
rəkət gətirir.
Xalçanın haşiyə zolaqları boyu toxunmuş bütün naxışlar semantikası baxımından
qədim türklərin inancları ilə bağlıdır. 24 boydan ibarət olan qədim türk-oğuz tay­
fasının hər birinin müxtəlif quş obrazında damğası olmuşdur. Bu damğalar bu gün
də xalçalar üzərində müxtəlif atributlar formasında təsvir edilir. “Qarmaq” da məhz
oğuzlardan yadigar qalan rəmzi nişanlardandır. Üçləçəkli yarpaqlara isə Azər­
baycan ərazisindən tapılmış antik dövrə aid saxsı qabların üzərində rast gəlinir.
Bu naxışlar “həyat ağacı”, “idrak ağacı”nın simvolu kimi yozularaq, əbədi həyatı
tərənnüm edirdilər.
Xalçanın ara sahəsində silsiləvi şəkildə yerləşdirilmiş göllər orijinallığı ilə seçilir.
Bu göllərdə hər bir element dördlüklə bağlıdır, simmetrikdir. Göllərin mərkəzindən
başlayaraq iç-içə toxunan bütün elementlər dörd dəfə təkrarlanır. “Zeyxur” xalçası­
nın gölləri günəşin hərəkət istiqamətini, dörd əsas ünsürü – torpaq, su, alov və hava­
nı təmsil edir.
Ara sahənin yerliyini bəzəyən budaq formalı nəbati naxışlar təsvir edilən bu mü­
qəddəs məkanın pak və əbədi olmasının rəmzi mənasını bildirir.
Xalçanın kənar dolamalarında təmir-bərpa işləri aparılmışdır. Xalçanın saxlanma
vəziyyəti əladır. Xalça tarixi, bədii, elmi əhəmiyyət kəsb edir.
1...,32,33,34,35,36,37,38,39,40,41 43,44,45,46,47,48,49,50,51,52,...84