58
“Uqah” xalçası Quba qrupunda, bir qayda olaraq, kənarə şəklində toxunur. O,
zərif toxunuşa malikdir. Yundan türkbaf toxunma üsulu ilə toxunmuşdur. Yüksək
sıxlıqlıdır. Xalça Şabran rayonunun Uqah kəndində toxunmuşdur.
“Uqah” xalçası haşiyədən və ara sahədən ibarətdir. Haşiyə zolağını üç yelən
cər­gəsi təşkil edir. Onlardan ikisi – mədaxillər simmetrikdirlər. Yəni hər ikisində
sürməyi yerlik üzərində mixək gülləri sıra ilə təsvir olunub. Ana haşiyə zolağı isə
Bakı, Quba xalça məktəblərində çox geniş yayılmış “kufi”dən ibarətdir. Bu haşiyə
zolağının bütün xalça kolleksiyaçıları, sənətşünaslar tərəfindən belə adlandırılması
şübhəsizdir. Məlumdur ki, ərəb kalliqrafiyasında “süls”, “nəstəliq”, “reyhani” kimi
çoxlu hüsnxət formaları vardır. Bunların içərisində “kufi” həndəsiləşdirilmiş yazı
formasıdır; bu yazı tərzində daha çox sınıq xətlərdən istifadə edilir. Quranın, dini
kitabların, duaların ilk yazıldığı nümunələr məhz “kufi” ilə icra edilib. İslamın geniş
yayıldığı zamanlarda sənətdə də böyük dəyişikliklər baş vermişdir. Belə ki, dekora­
tiv sənətdə nəbati, kalliqrafik yazı (hüsnxət) tərzinə daha geniş yer verilir. Məhz bu
dövrdən xalça üzərində kufi yazı tərzi ilə dualar toxunmağa başlayır. Beləliklə də,
kütləvi xarakter alan bu ənənə getdikcə toxucular tərəfindən sxematik tərzə keçir.
Artıq əsrlər ötsə də, xalçalar üzərində “kufi” haşiyə zolağı bir sxematik ənənəyə
çevrilmişdir.
Xalça öz quruluşu ilə zəriflik, incəlik mücəssəməsidir. Sanki ilmələrin vasitəsilə
xalı üzərində bir şəbəkə kompozisiyası qurulmuşdur.
“Uqah” xalçasının ara sahəsi də çox tutumludur; başdan-başa tənək yarpaqları
ilə bəzədilib. Bu yarpaqlar arasında fərq yalnız rəngindədir. Ağ, sarı, mavi, narıncı,
qırmızı tonlar növbələşirlər. Onların arasında isə damğayabənzər, ətrafları qarmaqlı
dördbucaq, üçbucaq və s. toxunmuşdur. Xalını daha da cazibəli edən kiçik detallar­
dan biri də onun sağ baş tərəflərində alt-alta iki insan siluetinin toxunmasıdır. Bu in­
sanlardan biri üçbarmaqlıdır. Bu cür təsvirlərə yalnız neolit dövrü saxsı qablarında
təsadüf edilə bilər. Bu insanlar xalça üzərindəki ibtidai, arxaik formaları ilə diqqəti
daha çox cəlb edirlər.
Xalçanın kənar dolamalarında təmir-bərpa işləri aparılmışdır. Xalçanın saxlanma
vəziyyəti əladır. Xalça tarixi, bədii, elmi əhəmiyyət kəsb edir.
1...,50,51,52,53,54,55,56,57,58,59 61,62,63,64,65,66,67,68,69,70,...84