62
“Mollakamallı” xalçası Quba qrupunda toxunan çox nadir çeşnilərdən sayılır. Xal­
ça yundan toxunub, əl işidir, xovludur. Şabran rayonunun Mollakamallı kəndində
toxunmuşdur. Xalça ara sahə və haşiyə zolağından iba­rətdir. “Mollakamallı” xal­
çasında kontrast rəng çalarından istifadə edilib. Sür­mə­yi, qırmızı, mavi, şəkəri,
ağ, bənövşəyi – bu tonlar xalçanı daha baxımlı və əlvan gös­tərir. Xalçanın haşiyə
hissələrində əbrəş izləri var.
Bu xalça klassik ənənələr əsasında toxunub. Haşiyə səkkiz zolaqdan və budaq,
qarmaq, ləçək kimi incə toxunmuş elementlərdən ibarətdir. Xalçanın ara sahəsini üç
ədəd silsiləvi göl təşkil edir. Kənarları dilikli olan üst və alt göllərin daxili naxışları
təkrarlansa da, mərkəz gölün daxili quruluşu tamamilə fərqlidir. Ümumilikdə xalça
üzərindəki bütün naxışlar konstruktiv həndəsi quruluşa malikdir. Onlar semantik
baxımdan əbədiyyət, daimi həyat rəmzi kimi bəşəri məzmun kəsb edirlər. Xalçanın
ara sahəsini baş və ətək hissədən ağac elementləri bəzəyir. Ara sahənin mərkəzində
isə həndəsi üslubda nəbati elementlər toxunub.
Azərbaycan xalçalarında, bir qayda olaraq, qırmızı rəng daha çox üstünlük təşkil
edir. Bu çox qədimdən mövcud olan inanclarla bağlıdır. Azərbaycan ərazisində apa­
rılmış arxeoloji qazıntılar zamanı əldə edilmiş gil qablar üzərində belə qırmızı rəngin
mövcud olduğu aşkarlanmışdır. Qırmızı rəngdən qədim zamanlarda insanlar bəd
ruhlardan qorunmaq üçün istifadə etmişlər. Hətta bu gün gəlinlərin əlinə çəkilən
xına, başlarına salınan qırmızı duvaq, bellərinə sarınan qırmızı dolaqlar yuxarıda
deyilənləri təsdiq edir. Xalçalar üzərində bol istifadə edilən qırmızı rəng də məhz
xalçanı, onun sahibini, onun üzərində oturan hər kəsi qorumaq mahiyyəti kəsb edir.
Xalçanınmüəyyən hissələrində təmir-bərpa işləri aparılmışdır. Saxlanma vəziyyəti
əladır. Xalça tarixi, bədii, elmi əhəmiyyət kəsb edir.
1...,54,55,56,57,58,59,60,61,62,63 65,66,67,68,69,70,71,72,73,74,...84