39
Azərbaycan xalçaları / TƏBRİZ QRUPU
Xalçanın bədii quruluşu ara sahə və haşiyə hissəsindən
ibarətdir.
Xalçanın əsas bəzəyi ara sahəsinin sol küncündə sərv
ağacı, ağacın yanında qurd, qurdun sağında güllü-çiçəkli
ağac, ağacın yanında çay və çayda üzən iki balıq təsvirindən
ibarətdir. Çayın kənarında balıq tutan quş və budaqlarında
quş təsvir edilmiş söyüd ağacı vardır.
Xalçanın ara sahəsinin mərkəzində sol tərəfdə üz-üzə
dayanmış erkək və dişi iki ceyran, dişi ceyranın sağında
budaqları güllü-çiçəkli ağac vardır. Xalçanın mərkəzinin sağ
hissəsində şir təsvir edilmişdir.
Xalçanın nisbətən yuxarı hissəsində təpənin üstündə gül-
çiçəklə dolu qoşa ağac təsvirləri vardır.Ağacların budaqlarında
cəh-cəh vuran quş təsvirləri diqqəti cəlb edir.
Sol hissədəki ağacın altında bir-birinin arxasında gəzən cey-
ran fiqurları vardır.
Xalçanın ana haşiyəsində şəkəri yerlikdə maral, ceyran,
pələng, şir, qurd və cəh-cəh vuran bülbül və tutuquşular
vardır. Haşiyənin boşluqlarında sərv ağacları təkrar-təkrar
təsvir edilərək, kompozisiyanı daha da zənginləşdirmişdir.
Ana haşiyəni hər iki tərəfdən mavi, yaşıl yerliklə işlənmiş
bala haşiyələr əhatə edir. Bala haşiyələr “almagülü” adlanan
nəbati elementlərlə bəzədilmişdir.
Ana haşiyəni içərisində sürməyi-qırmızı, sürməyi-ağ rəngli
çiçəklərlə və qırmızı rəngli kiçik ölçülü üçbucaqlarla bəzə­
dilmiş sürməyi yerlikli zəncirə əhatə edir. Zəncirəni isə
qırmızı-ağ rəngli “su”lar tamamlayır.
Bala haşiyələr dalğavari xətlərlə bəzədilmiş mədaxillərlə
əhatə olunub. Dalğavari xətlərin arasındakı boşluqlar kiçik
ölçülü yarpaqlarla doldurulub.
Xalçada Təbriz və onun ətrafında bitən ağac, gül-çiçək və
heyvanat aləmi əks olunmuşdur.
Xalçanın aşağı hissəsi alp çəmənliyi, yuxarı hissəsi isə dayaz
görünüşlüdür. Bu da xalçada fəsillərə görə mənzərənin dəyişməsini göstərir.
Xalçada qırmızı, sürməyi, yaşıl, göy, mavi, qəhvəyi, çəhrayı, ağ, şəkəri, sarı və s. kimi ondan çox rəng çalarından istifadə
edil­mişdir. Rənglər mürəkkəb şəkildə paylaşdırılmış, rəng zənginliyi xalçanın bədii keyfiyyətini yüksəltmişdir. Fonun
aparıcı rol oynayan şəkəri rəngində digər tünd rənglər özünün tam dolğun ifadəsi ilə nəzərə çarpır. Təbriz xalçaları üçün
səciyyəvi olan rənglər bu xalçada yüksək peşəkarlıqla tərtib edilmiş, ənənəvi kolorit uzlaşması, rəng tarazlığı saxlanılmışdır.
Bununla da xalçanın rəng tərtibatında özünəməxsus kolorit prinsipinə əməl edilməklə rəng çalarlarının seçilməsində
sərbəst hərəkət edilmişdir ki, bu da Təbriz qrupuna aid olan xalçalar üçün xarakterik olan əsas xüsusiyyətlərdən biridir.
Xalça bədii, tarixi əhəmiyyət kəsb edir. Saxlanma vəziyyəti əladır.
Xalçanın xovu, arğacı və ərişi ipəkdir.
1...,31,32,33,34,35,36,37,38,39,40 42,43,44,45,46,47,48,49,50,51,...84