35
Azərbaycan xalçaları / TƏBRİZ QRUPU
Xalçanın bədii quruluşu ara sahə və haşiyə hissəsindən ibarətdir.
Sürməyi yerlikli ara sahədə müxtəlif ölçülü ağac təsvirləri verilmişdir. Xalçada təsvir edilmiş
motivlər simmetrik və asimmetrik düzülüşlə işlənmişdir.
Azərbaycanın dekorativ-tətbiqi sənətində çox geniş yayılmış naxışlardan biri də nəbati
naxışlardır. Bu tipli naxışlar XV – XVIII əsrlərdə ən yüksək inkişaf mərhələsinə çatmışdır.
Nəbati naxışlar içərisində ən çox yayılanları ağac və güllərdir.
Azərbaycanda ağac təsvirlərinə tunc dövrü və erkən dəmir dövrünə aid məmulatlarda rast
gəlirik. Lakin ağac süjetinin inkişafı daha əvvəllər – insanların istehsal fəaliyyətinə keçdikləri,
ovçu kamanını əkinçi toxası əvəz etdiyi dövrdə başlanır. Ovçu məişətində fasiləsiz hərəkət, bir
sıra ardıcıl, təkrarlanan hallar nəzərdə tutulduğundan, bədii obrazlar sisteminin özü də həmin
prinsip üzrə qurulmalı idi.
Əkinçiliyə keçməklə həyatda, o cümlədən də incəsənətdə yeni yanaşma mənimsənilir. O vaxtdan
etibarən bitki, xüsusilə ağac daimi bolluq, məhsul üçün ümid və həyəcan simvoluna çevrilir.
Xalçada simmetriya əsasında qurulmuş bu nəbati naxışlarda ağacların gövdəsi və budaqları əsas
ana xətti təşkil etmiş, onların üzərindəki gül-çiçək və yarpaqlar isə əlavə naxış ünsürləri kimi tərtib
edilmişdir. Ağacların budaqları ara sahənin müxtəlif hissələri istiqamətində şaxələnərək boşluqları
doldurmuş, gül-çiçək, yarpaq motivləri ilə zənginləşmişdir.
Ağaclardakı güllər mavi, açıq-qəhvəyi, sarı, şəkəri, tünd-qırmızı rənglərlə, yarpaqlar tünd və açıq-
yaşıl, qəhvəyi-sarı, qəhvəyi-yaşıl, sarı-yaşıl, mavi-qəhvəyi rənglərlə tərtib edilib.
Azərbaycan dekorativ tətbiqi sənətinin müxtəlif sahələrində, o cümlədən xalçalarda nəbati elementlərlə
yanaşı, zoomorf və əfsanəvi obrazlar da qədim dövrlərdən işlənərək bəzədikləri əşyalara yüksək bədii
məna bəxş etmişlər. Bu obrazlar içərisində ən çox yayılanlardan biri quş obrazıdır. İlk əvvəllər quş
obrazları ulu dini ayin və mifik təsəvvürlərlə əlaqədar olaraq tətbiq olunurdusa, orta əsrlərdə onlar
daha çox xalq nağılları, rəvayətləri, təmsilləri ilə, bir sözlə folklorla bağlı olmuşdur.
Əsrlər ötdükcə bu obrazlar artıq ənənəvi bəzək elementinə çevrilərək bəzən olduğu kimi, bəzən isə
tanınmaz dərəcədə stilizə edilərək, mücərrədləşdirilmişdir.
Xalçanın mərkəzində və eyni istiqamətdə aşağı hissələrdəki ağacların altında sağ və solda “vağ”
quşları təsvir edilmişdir. Avropa və Asiyanın, o cümlədən Azərbaycanın mülayim iqlim şəraitinə ma-
lik olan yerlərində bu quşlara tez-tez rast gəlinir. Vağ quşunun təsviri Azərbaycan dekorativ tətbiqi
sənətinin müxtəlif sahələrində, həmçinin xalçılıqda dönə-dönə tətbiq edilmişdir.
Ağacların budaqlarındakı tutuquşu, şanapipik, göyərçin, torağay quşlarının təsviri də çox canlı təsir
bağışlayır. Xalçada təsvir edilən qartal da diqqəti cəlb edir. Qartal “güc-qüvvət” rəmzi kimi yozulur.
Azərbaycan xalq sənəti növləri içərisində ən çox yayılan quş rəsmlərindən biri də qartal obrazıdır. Tarixi
məxəzlər göstərir ki, qədimdə Azərbaycan ərazisində yaşayan xalqlar arasında “quşçu qəbiləsi”, “qartal
qəbiləsi” və s. qəbilələr olmuşdur.
Xalq sənəti növləri içərisində quş rəsmlərinə ən çox xalçalarda təsadüf olunur. “Quşçu” adı ilə geniş
şöhrət tapmış xalçalar Gəncə, Qazax, Bərdə və Şamaxıda da toxunmuşdur. Adı çəkilən yerlərdə indi də
“Quşlar”, “Quşçu”, “Quşçu ayrım” adlı kəndlər, obalar və məhəllələr vardır.
Kaşqarlı Mahmudun verdiyi məlumata görə keçmişdə hər türk qəbiləsinin quş onqonları olmuşdur.
Onlar bu quş onqonları öz qəbilələrinin yaradıcısı kimi qəbul etmişlər.
Mənbələr göstərir ki, onqon xarakteri kəsb edən quşlardan biri də qartal idi.
“Türkmən şəcərəsi”ndə hər oğuz boyuna bir onqon quşunun adı verilmişdir. Belə ki, Salur boyunun
onqonu qartal olmuşdur.
Azərbaycan dekorativ-tətbiqi sənətində yırtıcı heyvanlardan ən çox təsadüf edilən pələng və qurd olmuşdur.
Haqqında danışılan xalçada ağzında ov tutmuş aslan nəzəri çox cəlb edir.
Ara sahənin sağ və solunda, eləcə də aşağı hissələrdəki sağ və sol künclərdə ağacın altında iki, ağacın
budağında isə bir meymun təsviri verilib.
Açıq-qəhvəyi və tünd-qəhvəyi rənglərlə işlənmiş ana haşiyə gül-çiçəkli budaqlarla bəzədilmişdir.
Güllər şəkəri rəngli budaqlarda işlənmiş üç, dörd, beş, altı, səkkizləçəkli çiçək çələngi ilə əhatə olunub.
Budaqlarda tərtib edilmiş quş təsvirləri xalçanın haşiyəsini daha da canlandırır. Ana haşiyə açıq-
qəhvəyi yerlikli mavi, qəhvəyi rəngli güllər və yarpaqlarla bəzədilib. Ensiz haşiyələri içərisində kiçik
ölçülü yarpaqlar işlənmiş açıq-qəhvəyi və şəkəri yerlikli mədaxillər əhatə edir.
Açıq-qəhvəyi yerlikli bala haşiyələri mavi, açıq-qəhvəyi yerlikli kiçik ölçülü yarpaqlarla bəzədilmiş
mədaxillər tamamlayır. Mədaxillərin kənarları mavi, qara, açıq- qəhvəyi, şəkəri “su”larla işlənmişdir.
Xalçada ənənəvi kolorit uzlaşmaları öz əksini tapmışdır. Sürməyi yerlikli ara sahədə açıq rənglər
yüksək peşəkarlıqla tərtib edilmiş, bu qrupa aid olan rəng prinsiplərinə əməl edilmişdir. Ara sahədəki
motivlərin rəngi haşiyə fonu və motivlərinin rəngi ilə uzlaşaraq, xüsusi ahəng yaradılmışdır.
Xalçanın xovu yun, əriş və arğacı pambıqdır.
Saxlanma vəziyyəti əladır.
Xalça tarixi, bədii, elmi əhəmiyyət kəsb edir.
1...,27,28,29,30,31,32,33,34,35,36 38,39,40,41,42,43,44,45,46,47,...84