64
məziyyətləri bildirən nəbati motivlər, svastika, qarmaqlı romblar,
dördbucaqlar, göllər, kətəbələr, mifoloji quşlar, nəzərlik asmalar, islam
dini ilə bağlı – qəndil, gülabdan, daraq, aftafa-ləyən, təsbeh, möhür
təsvirləri və digər naxışlar üstünlük təşkil edir. Bu xalçalarda zərif üslubda
toxunan göllərlə birgə, müxtəlif çalarlı harmonik rənglər, orta əsr miniatür
sənətindən bəhrələnmiş süjetlər, çoxsaylı mehrab təsvirləri də əks olunur.
Hər naxışın, hər ornamentin öz açması var. Bədii məzmunundan asılı
olmayaraq bu naxışların hər biri bolluq, artım, paklıq, əbədi həyat və
kosmoqonik təsəvvürlərlə bağlı olub, xalqın qan yaddaşından süzülərək
xalçalarda əks olunub. Bu elementlərin hər biri sahibinə uğur gətirmiş,
onu bəd ruhlardan, mənfi enerjidən və nəzərdən qorumuşdur.
Şirvan qrupunda geniş yayılmış, ibadət üçün nəzərdə tutulan
“Namazlıq” xalçalara xas olan elementlərin təsvirlərindən, əsasən, “Sor-
Sor”, “Qabıstan”, “Mərəzə”, “Bicov”, “Salyan”, “Qəbələ” çeşnilərində,
eləcə də “sütunlu” və başqa sərbəst kompozisiyalarda istifadə olunur.
“Namazlıq” xalçaları da bir neçə ənənəvi bədii quruluşdan ibarətdir.
Süjetli “Ovçuluq” kompozisiyaları, heyvan və quş təsvirləri Azər­
bay­canın dekorativ-tətbiqi sənətində sevilən ən sabit mövzu olaraq əsl
xalq ənənəsi traktovkasına malikdir. Kompozisiyanın sadəliyi, aydınlığı,
realist obrazda təsvir forması “Ovçuluq” xalçasına monumentallıq və
əzəmətlilik verir.
Şirvan xalçaları dünya xalçaları arasında öz əntiqliyi ilə şöhrət
qazanmışdır. Bu qrupa 22-dən çox xalça çeşnisi daxildir. Şirvan xalçaları
digər qruplardan insan, heyvan, məişət əşyaları təsvirlərinin çoxluğuna
görə fərqlənir. VII əsrdə yaşamış məşhur ərəb tarixçisi Məhəmməd Təbəri
Şirvanda yüksək keyfiyyətli xalçalar toxunduğu barədə məlumat verir.
XII - XIII əsrlərdə Şirvanda toxunmuş xalça nümunələri hal-hazırda
Türkiyənin “Türk və İslam əsərləri muzeyi”ndə saxlanılır.
İntibah dövrü Avropa rəssamları öz əsərlərində digər Azərbaycan
xalçaları ilə yanaşı Şirvan xalçalarına da müraciət etmişlər ki, bu da Şirvan
xalçalarının yüksək bədii dəyərə malik olmasını göstərməklə yanaşı, həm
də Şamaxı ilə Avropa ölkələri arasında ticarət əlaqələrinin mövcudlu­
ğunu təsdiqləyir. Şamaxıda istehsal olunan ipək xalçalar Şərqdə ipək
xalça istehsalının mərkəzi sayılan Təbriz və Kaşan xalçaları ilə müqayisə
olunurdu. XVII əsrin birinci yarısında Şirvanda toxunmuş “Şamaxı”
xalçası isə Nyu-York şəhərinin “Metropoliten” muzeyində saxlanılır.
Şamaxıda həyatını xalçaçılığa həsr edib, saçlarını xana önündə
ağardan xalçaçı qadınlar var. İlk olaraq yolumuzu Məlhəm kəndindən
salırıq. O Məlhəm kəndindən ki, saysız-hesabsız elm adamları,
alimlər, Xaqani, Nəsimi kimi böyük şairlər yetişdirib. Məlhəm kəndi
hal-hazırda Azərbaycanın ən qədim kəndlərindən biri hesab olunur.
Burada mədrəsələr, məscidlər və elm ocaqları həddindən artıq çoxdur.
Hələ Şirvanşahlar dövründə paytaxt Şamaxının ən böyük elm mərkəzi
olan Məlhəm kəndindəki məscidlər, elm ocaqları yerlə yeksan olsa da,
onların qalıqlarına hələ də rast gəlmək mümkündür. XI əsrdə Əfzələddin
Xaqaninin əmisi Ömər ibn Kafiəddin Osmanoğlu tərəfindən bu kənddə
“Mədrəseyi-tibb” adlanan tibb mərkəzi açılmışdır.
Məlhəm kəndi hələ də öz köhnə ata-baba adət-ənənələrini qoruyub
saxlayan az saylı kəndlərimizdən biridir. Hətta kəndin qədim adət-
ənənələrindən biri olan toy mərasimi “Bəyin oğurlanması” filmində öz
əksini tapmışdır. Bu yazıda isə biz sizə kəndin xalça mədəniyyətindən
söhbət açacağıq.
1...,56,57,58,59,60,61,62,63,64,65 67,68,69,70,71,72,73,74,75,76,...200