97
Xalçanın mərkəzə yaxın hissəsində ana haşiyədəki şəkəri yerlikli
medalyonların içərisində çiynində quş tutan kişi, yanında ceyran və
şir təsvirləri verilib. Bu təsvirlər sufiləri göstərir.
Medalyonun sol hissəsində qəhvəyi, açıq-yaşıl gövdəli, tünd və
açıq-qəhvəyi, sürməyi budaqlı və açıq-yaşıl yarpaqlı ağac vardır.
Kişi təsvirinin qarşısında kiçik ölçülü ağac motivləri işlənmişdir.
Xalçanın aşağı hissəsində, ana haşiyənin içərisindəki çəhrayı və
şəkəri yerlikli medalyonda açıq-qəhvəyi, şəkəri gövdəli və açıq-
qəhvəyi, cüzi nəzərəçarpan sürməyi rənglərlə işlənmiş gülləri olan
ağacın altında bir-birinə qarşı qəzəbli şir və pələng təsvirləri vardır.
Ana haşiyənin yuxarı, aşağı, sağ və sol hissələrində təkrar-təkrar
işlənmiş mey içən qız və oğlan təsvirləri sevgi-məhəbbətə işarədir.
Ana haşiyənin digər boşluqları şəkəri, qırmızı, qəhvəyi rəngli nəbati
elementlərlə tərtib edilmişdir.
Xalçanın ara sahəsini əhatə edən bala haşiyə çəhrayı rənglə, ana
haşiyəni əhatə edən ensiz bala haşiyə şəkəri yerliklə işlənmişdir. Bu
haşiyələr mavi, ağ, şəkəri, çəhrayı, qırmızı, göy, yaşıl, açıq və tünd-
qəhvəyi rəngli nəbati elementlərlə bəzədilmişdir.
Xalçanın mavi yerlikli kənar bala haşiyəsi açıq və tünd-qəhvəyi,
sürməyi, sumağı, çəhrayı rəngli güllər və açıq-yaşıl, tünd və açıq-
qəhvəyi rənglərlə işlənmiş yarpaqlarla bəzədilmişdir.
Çəhrayı yerlikli bala haşiyə hər iki tərəfdən qara rəngli “su”larla,
şəkəri yerlikli bala haşiyə daxildən və xaricdən qara, açıq-qəhvəyi,
mavi yerlikli, kənar bala haşiyə isə xaricdən açıq-qəhvəyi, daxildən
isə açıq-qəhvəyi və şəkəri rəngli “su”larla tamamlanır.
Xalça çox rəngarəngdir. Rənglərin zənginliyi onun görünüşünə
xələl gətirmir. Həm kontrast, həm də açıq rənglər bərabər paylaşdı-
rılmışdır.
Xalçanın xovu ipək, əriş və arğacı pambıqdır. Saçaqları boz-qəhvəyi
rənglidir. Saxlanma vəziyyəti tamdır. Bədii, tarixi, elmi əhəmiyyətə
malikdir.
1...,87,88,89,90,91,92,93,94,95,96 98,99,100,101,102,103,104,105,106,107,...362