339
Təbriz xalçaları çoxçeşidliliyi və fərqli yanaşma tərzinə görə seçilir. Bu xalçalarda qədimdən istifadə
olunan ornamentlərlə bərabər, toxucunun öz təxəyyülündən irəli gələn əlavələr və dəyişikliklərə də
rast gəlinir. Təbrizin şəhər həyatı və mədəniyyəti bir istiqamətdə inkişaf etməmiş, ətraf bölgələrin
birbaşa təsiri ilə daha da zənginləşmişdir. Bu proses xalça sənətinə də təsirsiz ötüşməmişdir. Təbrizin
böyük şəhər olması və burada xalçatoxuma sənayesinin formalaşması xalçaların müxtəlif bölgələr­
dən bura axışmasına səbəb olmuşdur. Məhz bu cəhət xalçaların daha da çoxçeşidli olmasına gətirib
çıxarmışdır. “Buta” rəmz kimi istər memarlıqda, istərsə də digər incəsənət növlərində öz mükəmməl
yerini tutmuş və müxtəlif biçimlərdə təqdim olunmuşdur. Burada “buta”nın müxtəlif variasiyaları,
düzülüş forması toxunan xalçanın bədii həllinə güclü təsir göstərir. Cəsarətlə demək olar ki, “buta”
həyat rəmzinə çevrilərək, geyimlərdə və xalçalarda öz aparıcı mövqeyini qoruyub saxlamışdır.
Xalça “Sıralı buta“ kompozisiyası əsasında tərtib edilmişdir. Xalçanın bədii quruluşu ara sahə və
haşiyə zolaqlarından ibarətdir.
Xalçanın əsas bəzək elementi “buta”lardır. “Buta” Azərbaycan dekorativ-tətbiqi sənətində geniş
yayılmış, çoxsaylı mürəkkəb formaya malik olan naxış elementlərindəndir. Bütün dekorativ sənət
əsərlərində, o cümlədən xalçaçılıqda “buta” təsviri sərbəst bir bəzək elementi kimi işlənir. Doxsan-
dan çox növü olan “buta” elementinin bu çeşidi “gül-buta” adlanır. Bu növ “buta”ların ya içərisində,
ya da bütünlüklə hər tərəfində çiçək təsvirləri olurdu.
Ara sahənin ağ rəngli yerliyində üfüqi istiqamətdə dörd sıra “buta” elementləri üzü sağ tərəfə
istiqamətlənmiş formada təsvir olunmuşdur. “Buta”lar zoğalı, sürməyi, ağ, çəhrayı, açıq və tünd-
yaşıl rənglərlə işlənmişdir. “Buta”ların içərisini ağ rəngli, nisbətən kiçik ölçülü “buta” və çəhrayı,
göy, yaşıl rəngli nəbati elementlər bəzəyir. Böyük ölçülü “buta”ların aşağı hissəsində qara, sarı, qır-
mızı, göy, açıq və tünd-yaşıl rəngli yarpaqlı budaqlar vardır. Yuxarıdan ikinci sırada və axırıncı
sırada sağ və sol hissələrdə yarımçıq “buta”lar işlənmişdir.
Ara sahənin boşluqları çəhrayı, sarı, mavi, göy, sürməyi, qara, açıq və tünd-yaşıl rəngli kiçik ölçülü
gül-çiçək, yarpaq və “buta”larla doldurulmuşdur.
Zoğalı rəngli ana haşiyədə ağ, sarı, yaşıl, çəhrayı, mavi rəngli “anagül”, həndəsi və nəbati elementlər,
yaşıl, sürməyi rəngli dalğavari budaqlar, xətlər və stilizə edilmiş “balıq” təsviri vardır. “Anagül”lər və
digər nəbati və həndəsi elementlər dalğavari xətlərlə birləşərək, zəncirvari forma əmələ gətirmişdir.
Sürməyi rəngli bala haşiyələr çəhrayı, qırmızı, sarı, yaşıl, qara rəngli nəbati elementlərlə
bəzədilmişdir.
Haşiyələrin arasında ağ-qara rəngli “siçandişi” və qırmızı, sarı, sürməyi, qara rəngli “su”lar
işlənmişdir.
Xalçada zoğalı, sürməyi, yaşıl rənglər üstünlük təşkil edir. Bu rənglər xüsusilə ağ yerlikdə daha tez
gözə çarpır. Bu, mərkəzdə təsvir edilmiş “buta”ların tam və dolğun ifadə olunmasına səbəb olmuş-
dur. Rənglər “buta”ların və haşiyə bəzəklərinin hər cərgəsində eyni qaydada tətbiq olunduğu üçün
xalçada rəng ardıcıllığı aydın nəzərə çarpır. Bu ahəngdarlıq yüksək peşəkarlıqla həll edilmişdir.
Xalçanın yuxarı və aşağı hissələrində ağ rəngli saçaqlar vardır. Xalçanın xovu yun, əriş və arğacı
pambıqdır. Saxlanma vəziyyəti əladır. Xalça bədii, tarixi, elmi əhəmiyyət kəsb edir.
1...,329,330,331,332,333,334,335,336,337,338 340,341,342,343,344,345,346,347,348,349,...362