36
Ermənistanda azərbaycanlılara məxsus tarixi yer
adlarının kütləvi surətdə dəyişdirilməsi
Çar Rusiyası dövründə buraxılan xəritələrdə və statistik məlumatlarda yaşayış məntəqələrinin türkmənşəli
adları olduğu kimi saxlanılırdı. Sovet hakimiyyəti dövründə isə Ermənistanda rəsmi “addəyişmə əməliyyatları”
1935, 1938, 1939, 1940, 1946, 1947, 1948, 1949, 1950, 1957, 1962, 1968, 1969, 1977, 1978, 1980-ci illərdə Ermənistan SSR
Ali Sovetinin fərmanları əsasında həyata keçirilmişdir. 1988-ci ilin avqust ayınadək indiki Ermənistan ərazisində
521 türkmənşəli yaşayış məskəninin adı dəyişdirilmişdir.
Ermənistanda dəyişdirilmiş yaşayış məntəqələrinin siyahısını “Ermənistan SSR-in inzibati-ərazi bölgüsü”
kitabının 1976 və 1988-ci il nəşrləri, habelə Ermənistan SSR Ali Sovetinin 9 aprel 1991-ci il tarixli fərmanı və 2000-ci
ildə İrəvanda çap edilən Ermənistan Respublikasının xəritəsi əsasında ardıcıl izləmək mümkündür.
Addəyişmə əməliyyatı, əsasən, aşağıdakı qaydada həyata keçirilmişdir.
1. İlk növbədə azərbaycanlıların soykökü, onun tarixi keçmişi ilə bağlı yaşayış yerlərinin adlarının dəyiş­
dirilməsinə xüsusi diqqət yetirilmişdir. Məsələn, Aşağı Türkmənli - Lusaqyuğ (Eçmiədzin), Qorçulu - Mrqaşad
(Hoktemberyan), Sərdarabad - Hoktember (Hoktemberyan), Bayandur - Vağadur (Gorus), Şirvancıq - Lernakert
(Artik).
2. Bir çox yaşayış məskənlərinin adları ermənicəyə hərfi tərcümə edilmişdir. Məsələn, Armudlu - Tandzut
(Hoktemberyan), Daşqala - Karaberd (Ani), Dərəkənd - Dzoraqyuğ (Quqark), Dərəçiçək -Tsaxkadzor (Razdan),
Göl - Liçk (Martuni), Güllübulaq - Var-daxpuyr (Qukasyan).
3. Bəzi yaşayış məskəninin adı “beynəlmiləlçilik” pərdəsi altında dəyişdirilmişdir. Məsələn, Qaraqışlaq -
Dostluq (Masis), Sultanabad - Şurabad (Amasiya), Cücəkənd - Qızılşəfəq (Kalinino), Aşağı Necili - Sayat-Nova
(Masis), Çanaxçı - Sovetakert (Ararat).
4. Yaşayış məskənlərinin adlarının bir qismi isə cüzi dəyişikliklə onu oxşar, lakin ermənicələşdirilmiş adla əvəz
edilmişdir. Məsələn, Dərabbas - Darbas (Sisian), Dəlilər - Dalar (Artaşat), Ələyəz - Araqats (Talın), Ərəvus - Arevis
(Sisyan), Gabud - Kapuyt (Əzizbəyov), Çırpılı - Crapi (Ani).
5. “Ermənistan SSR-in inzibati ərazi bölgüsü”nün qeyd edilən nəşrlərində adının önündə “yuxarı”, “aşağı”,
“böyük”, “kiçik” sözləri gələn türkmənşəli yaşayış məntəqələrinin adlarında bu sözlərin ermənicə - yəni müvafiq
olaraq “verin”, “nerkin”, “mets”, “pokr” şəklində yazılması həmin adların erməni dilində olması görüntüsü
ya­rat­mağa xidmət etmişdir. Bununla elə təəssürat yaratmağa çalışmışlar ki, guya dəyişdirilən adlar erməni
mənşəlidir. Məsələn, Verin Zağalı - Axpradzor (Vardenis), Nerkin Zeyvə - Hartaşen (Eçmiədzin), Mets Kəpənəkçi
- Musaelyan (Axuryan), Pokr Şiştəpə - Pokr Serpasar (Qukasyan).
6. 1935-ci ilə qədər Ermənistanda türkmənşəli yaşayış məskənlərinin adları Ali Sovetin fərmanları olmadan
dəyişdirilmişdir. Məsələn, Bəbirli - Bartsraşen (Ani), Dəymədağlı - Şrvenants (Qafan), Tovuzqala - Berd (Şəm­şəd­
din), Şirabad - Parakar (Eçmiədzin).
Onu da qeyd etmək lazımdır ki, hər dəfə Ali Sovetin fərmanı ilə yaşayış məskənlərinin adları dəyişdirilməklə
yanaşı, kəndləri birləşdirmək adı altında yüzlərlə Azərbaycan kəndinin adı Ermənistanın yaşayış məntəqələrinin
siyahısından silinmişdir. Məsələn, Ermənistan SSR Ali Sovetinin 5 fevral 1978-ci il fərmanı ilə Aşağı Kilsə
(Qufaark), Ağtala (Kamo), Rəhimabad (Masis), Qamışlı (Vardenis) kəndlərinin adları siyahıdan çıxarılmışdır.
1918-1987-ci illərdə indiki Ermənistan ərazisində 254 azərbaycanlı yaşayış məntəqəsi müxtəlif yollarla (əhalisi
soyqırıma məruz qoyulmaqla, deportasiya edilməklə və s.) yaşayış məntəqələri siyahısından silinmişdir.
Azərbaycanlıların 1948-1953-cü illər deportasiyasından sonra 60-dan artıq yaşayış məntəqəsinin adları
dəyişdirilmişdir. Təkcə 1978-ci ildə 23 rayonda 60 türkmənşəli toponim dəyişdirilmişdir. Ermənistan SSR Ali
Sovetinin 1991-ci il 9 aprel tarixli fərmanı ilə isə azərbaycanlılara məxsus 90 məntəqənin adı dəyişdirilmişdir.
Ümumiyyətlə, son dövrədək 667 toponim dəyişdirilmişdir.
Ermənistan Respublikası tərəfindən azərbaycanlıların dədə-baba torpaqlarından deportasiyası ağır nəticələr
verdi. Minlərlə insan deportasiya zamanı soyqırıma məruz qaldı. Lakin Azərbaycan Respublikası Ermənistandan
qovulan hər bir azərbaycanlının həyatının təhlükəsizliyi üçün bütün tədbirləri gördü. Ermənistan azərbaycanlıları
Azərbaycan Respublikasının həyatının bütün sahələrinə uğurla inteqrasiya olundu, onun sosial-iqtisadi, siyasi və
mədəni yüksəlişində fəal iştirak etdi. Min illər boyunca Qərbi Azərbaycanda yaradılmış tarixi ənənələr, zəngin
mədəni irs, folklor nümunələri Ermənistanın bütün cəhdlərinə baxmayaraq yer üzündən silinmədi, yeni tarixi
şəraitdə varlığını qoruyub saxlayır və davam etdirir. Qərbi Azərbaycandan - indiki Ermənistan Respublika­sı
ərazisindən qovulmuş yüz minlərlə azərbaycanlı bir amalla - Böyük qayıdış, dədə-baba torpaqlara qovuşmaq
arzusu ilə yaşayır.
Yaqub Mahmudov
Əməkdar elm xadimi,
AMEA-nın müxbir üzvü
Kərim Şükürov
tarix elmləri doktoru
1...,28,29,30,31,32,33,34,35,36,37 39,40,41,42,43,44,45,46,47,48,...116